Qiymətləri kim qaldırır?

qiymetleri-kim-qaldirir
Oxunma sayı: 3277

Ölkədə son aylar inhisarçılığın qarşısının alınması istiqamətində addımların atıldığı bildirilsə də, ortada hər hansı nəticə yoxdur. Ekspertlər ölkədə qiymətlərin enməməsinin səbəblərini izah edirlər.

“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, ekspert Qubad İbadoğlunun fikrincə, gömrükdə inhisarçılığın aradan qaldırılmasının idxal mallarının qiymətinə təsiri hiss olunmur: “İnhisarçılıq aradan qalxıbsa qiymətlər nədən ucuzlaşmır? Bu haqlı sual son zamanlar çoxlarını düşündürür. Xəbərlər dolaşır ki, gömrükdə inhisarçılıq yığışdırıldı, indi kim hansı malı istəyirsə ölkəyə maneəsiz gətirə bilər. Artıq arada vasitəçilər, gömrük brokerləri də yoxdur. Gətirdiyiniz malı birbaşa özünüz rəsmiləşdirə bilərsiniz. Həqiqətən də bu deyilənlər özünü praktikada təsdiq edir. Bəs onda qiymətlər niyə ucuzlaşmır? Məsələ burasındadır ki, gömrükdə dəyişən yalnız posedurlardır. Belə ki, əvvəlki prosedura görə, gömrük borkerləri tələb olunan vəsaiti sahibkardan nağd şəkildə alıb, sənədləşdirmə işini onların iştirakı və məlumatı olmadan daxili qaydalarına uyğun olaraq həll edirdisə, indi həmin işi rəsmi şəkildə gömrük məmurları aparırlar. İndiki prosedur üzrə də sahibkarın hazırkı ödənişləri ilə əvvəlki ödənişləri arasında ciddi fərq yaranmır. Çünki onlar əvvəl qeyri-rəsmi ödədikləri məbləğ qədər vəsaiti indi rəsmi ödəyirlər. Dəyişən odur ki, əvvəllər ödəniş üçün sənədlər əldə edə bilməyən sahibkarlar hazırda bütün növ ödənişlərinin sənədlərini ala bilirlər. Əksinə hazırda manatın ikinci devalvasiyasından sonra idxalla məşğul olan sahibkarların xərcləri əvvəlkindən çoxdur. Çünki indi bu xərcləri artıran həm də məzənnə fərqindən yaranan itkilərdir. Yəni manatın ucuzlaşması idxalatçıların ziyanına işləyir. Odur ki, gömrükdə inhisarçılığın aradan qaldırılmasının idxal mallarının qiymətinə əhəmiyyətli təsiri hiss olunmur, çünki sahibkarın xərci nəinki azalıb, hətta bir az da artıb”.

Ekspert Natiq Cəfərli isə məsələ ilə bağlı musavat.com-a bildirib ki, ucuzlaşmanın baş verməməsinin bir neçə səbəbi var: “Bunu ciddi araşdırmaq lazımdır. Və iş adamları deyirlər ki, inhisarçılıq aradan qaldırılandan, korrupsiya elementləri yığışdırılandan sonra rəsmi ödənişlərin faizləri çox olduğundan, əvvəl ödədikləri vəsaitdən daha çox vəsait ödəməli olurlar. Yəni daha artıq ödəniş etməli olurlar. Bu da qiymətlərin aşağı enməməsinə, yuxarı həddə qalmasına səbəb olur. İkinci səbəb isə ondan ibarətdir ki, inhisarçılıqla, korrupsiya ilə bağlı bəzi sahələrdə müəyyən dəyişikliklər olsa da, qlobal olaraq əsasən ərzaq məhsullarının ölkəyə gətirilməsinə nəzarət edən qurumlar nəzarəti əllərində saxlayırlar. Digər oyunçuların bazara girməsinə maneçilik edirlər. Bunun da obyektiv səbəbləri var. Əgər hər hansı bir qurum, təşkilat illərdir eyni işlə məşğuldursa və bu işin tərəflərini daha yaxşı bilirsə, bazara girən yeni oyunçu təbii ki, ona müxtəlif məsələlərdə uduzacaq. Ən azından, köhnədən bazarda olan təşkilat və yaxud şirkət daha yaxşı əlaqələrə malikdir. Daha ucuz qiymətə çoxlu həcmdə mal gətirə bilir. Yeni oyunçular isə kiçik həcmlərlə başlaya bilirlər. Bu o qədər də ciddi rəqabətli mühit yarada bilmir və qiymətlərin aşağı düşməsinin qarşısını alır. Mənim ehtimallarımdan biri də ondan ibarətdir ki, ölkəyə mal girişi xeyli dərəcədə zəifləyib. Yəni bəzi oyunçular, bəzi bazar iştirakçıları bazarın stabilləşməsini gözləyirlər. İnzibati müdaxilələrdən də çəkinirlər. Çünki bir neçə cinayət işinin açılması, bəzi sahələrdə iş adamlarının təqib olunması onları da diqqətli davranmağa vadar edir. Təbii ki, məhsulların çeşidi və sayı azaldıqca, bazarda qiymətin də qalxması ehtimalı yüksəlir. Bütün bu kompleks səbəblər qiymətlərin enməməsinə təsir göstərir. Mən inanmıram ki, bu, bir səbəbdən asılıdır. Bir müddət sonra qiymətlər hətta bahalaşa da bilər”.

Qeyd edək ki, ekspertlər hazırda hökumətin qarşısında duran əsas və həlli vacib olan vəzifənin biznesə dəstək olmaq olduğunu vurğulayırlar. Ekspert Q.İbadoğlunun sözlərinə görə, ölkəni böhrandan yalnız azad sahibkar çıxara bilər: “Bu gün Azərbaycan iqtisadiyyatında böhranı xarakterizə edən ən başlıca tendensiya ölkədə işgüzar fəallığın aşağı düşməsi, iş yerlərinin bağlanması və istehlak qiymətlərin bahalaşmasıdır. Azad sahibkarlıq fəaliyyətinə tənzimləyici və nəzarətedici dövlət orqanlarının haqsız və yersiz müdaxilələrinin davam etməsi, onlara səmərəli maliyyə-kredit xidmətlərinin göstərilməməsi və ədalətli rəqabət mühitinin olmaması səbəbindən ölkədə biznesin cari fəaliyyəti pisləşir və perspektivləri tutqun görünür. Bu ərəfədə hökümətin qarşısında duran və həlli vacib olan əsas vəzifə hədəfi yeni iş yerləri olan sahibkarlıq islahatlarına başlamaqdır. Sahibkar üçün lazım olan ən başlıca şərt öz malına və xidmətinə sərbəst qiymət qoyub, onu azad şəkildə satmaqdır”.

Ekspertin sözlərinə görə, dövlət idarəetməsində struktur dəyişiklikləri, bəzi qurumların ləğvi və yenidən təşkili dövlət vəsaitlərindən qənaətlə istifadəyə və səmərəli tənzimləmə mexanizmlərinin yaradılmasına xidmət etsə də, bu, gözlənilən böhranı qabaqlamaq üçün kifayət etmir: “Çünki yalnız bu tədbirlərlə gündən-günə azalan biznes subyektlərinin, bağlanan iş yerlərinin, artan qiymətlərin qarşısını almaq mümkün olmayacaq. Ən yaxşı halda bu vaxtilə şişirdilmiş dövlət xərclərinin və şişman dövlət aparatının saxlanmasına yönələn vəsaitlərin optimallaşdırılmasına gətirib çıxaracaq. Bu da əhəmiyyətlidir. Lakin bununla yanaşı hökumət təcili olaraq sahibkarlara dəstək verməlidir. İdxalı əvəz edən yerli istehsal sahələrinin və onların ixrac potensialının müəyyənləşdirilməsi üçün klaster yanaşması üzrə dəstək proqramları hazırlanmalıdır.

Sahibkarları müasir bazar münasibətlərində rəqabət aparmasına yardım etmək üçün biznes inkişaf xidmətlərini genişləndirməlidir. Xarici bazarlara mal və xidmət çıxaran sahibkarlar üçün stimullaşdırıci ixracat paketləri hazırlanmalı və onların xaricdəki tanıtım fəaliyyətlərinə, yatırımlarına dövlət dəstəyi göstərilməlidir. Yeni yaranan və ya mövcud olan sahibkarlıq subyektlərinin əlavə yatırdığı sərmayələr üçün təşviq planları hazırlanmalıdır. Xarici investisiyaların cəlbi məqsədilə milliləşdirmə, özgəninkiləşdirmə və oxşar nəticələrə gətirib çıxaran hər hansı digər tədbirlərin görülməyəcəyinə və bu cür şəraitin yalnız milli təhlükəsizlik səbəblərindən zəruri olduğu hallarda ədalətli kompensasiyanın təmin ediləcəyinə zəmanətlər verilməlidir. Viza və miqrasiya siyasətinə yenidən baxılmalı və viza rejimi, xüsusilə də iş vizası liberallaşdırılmalıdır. Xarici investorlara qanunla tələb olunan vergilərin və rüsumların ödənilməsindən sonra sərəncamında qalan mənfəəti valyutada sərbəst və maneəsiz köçürmək üçün məhdudiyyətlər aradan qaldırılmalıdır. İstehsalçının buraxdığı məhsullara dair beynəlxalq standartlara uyğun keyfiyyət və mənşə sertifikatlarının mərkəzləşdirilmiş şəkildə gömrük orqanlarına təqdim olunması, eləcə də ölkələr arasında standartların qarşılıqlı formada tanınması ilə həmin məhsulların idxalını həyata keçirən şirkətlər müvafiq sənədləri təqdim etmək tələbindən azad edilməlidir. Yerli məhsulların ixracı zamanı mənşə, keyfiyyət sertifikatlarının və təsdiqedici kod nömrəsinin verilməsi asanlaşdırılmalıdır. Sahibkarlara uzunmüddətli və güzəştli kreditlərin verilməsi sadələşdirilməli və bu sahədə şəffaflıq artırılmalıdır”.