Qış bitir, ölüm yox - Azərbaycandakı qazın keyfiyyəti necədir?

qis-bitir-olum-yox-
Oxunma sayı: 1536

Azərbaycanda dəm qazından zəhərlənmə hadisələri neçə ildir ki, aktuallığını itirməyən problemə çevrilib.

Qafqazinfo” xəbər verir ki, xüsusilə də havaların soyuması ilə hər il gündəmə gələn bu mövzuya ekspertlər öz şərhlərini veriblər. Müvafiq qurumlar isə əhaliyə xəbərdarlıqlarını bildirib, videoçarxlar nümayiş etdiriblər.

Artıq havalar isinməyə başlayır. Ancaq 2017-ci il başlayandan bəri səssiz ölümlər davam etməkdədir. Təkcə bu ilin yanvar və fevralında dəm qazı 6 nəfərin canını alıb, 21 nəfər isə zəhərlənib. 2016-cı ildə isə eyni səbəbdən ölənlərin sayı azı 13, zəhərlənənlərin sayı 22 nəfər olub.

Bu məsələdə əsas təqsirkarın əhalinin özü olduğu vurğulansa da, istehlakçılar bunu qazın keyfiyyətinin aşağı olması ilə əlaqələndirirlər.

Eskpert İlham Şaban isə məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, bu ölümləri qazın keyfiyyəti ilə əlaqələndirlənlər sadəcə dəm qazı məfhumundan xəbərsizdirlər:

“Metan tam yanmadıqda dəm qazı əmələ gəlir. Bu dəm qazı isə zəhərli qazdır. Karbonla zəngin qaz insanın qanına keçir və oradan beyni tormozlayır və sonra orqanizmə kifayət qədər oksigen gəlmədiyindən ölüm baş verir.

Oksigen niyə kifayət qədər gəlmir? Qapalı məkanda (nə qədər kiçikdirsə, risk dərəcəsi bir o qədər böyükdür - təbii ki, ventilyasiya olmasa və baca kifayət qədər yaxşı işləməsə) oksigen get-gedə azalır, çünki onu həm insan istifadə edir, həm də yanma üçün istifadə edilir. Tutaq ki, ya vanna otağında, ya da yataq otağında müəyyən zamandan sonra bədbəxt hadisə qaçılmaz olur. Yəni burada günahkar insanın özüdür.

Mən heç zaman mütəxəssislərdən eşitməmişəm ki, qaz kəsilib sonradan veriləndən sonra insan zəhərlənsin və ya ölsün. Belə şeyin baş verməsi üçün həmin boru ilə faşistlərin əsirləri qaz kameralarında kütləvi qırması üçün istifadə etdikləri kimyəvi qaz buraxılmalıdır. Niyə? Qaz istehlakçıya emal müəssisəsindən, yəni Qaradağdan gəlir. Qaradağdan gələn  paylayıcı kəmərin uzunluğu minlərlə kilometrdir. Yəni, o kimyəvi maddəni  Qaradağdan vurmaq lazımdır ki, kimsə həmin o zəhərli qazdan boğulsun. Onda isə 1 nəfər yox, 100 min nəfər ölməli idi. Mən demirəm ki, qaz yüksək keyfiyyətlidir, ancaq verilən qazın insan ölümləri ilə heç bir əlaqəsi yoxdur.

İnsan onu bilməlidir ki, otaqda açıq şəkildə qaz plitəsi varsa, bu, insan orqanizmi üçün çox təhlükəlidir. Və bundan ölüm və ya zəhərlənmə təkcə gecənin düşməsi ilə baş vermir. Qapalı məkanda elə ki, oksigenin miqdarı müəyyən səviyyədən aşağı düşdüsə, insan özü də bilmədən bihuş olur. Ona görə də hələ sovet vaxtlarında kənd evlərində qaz yanan evlərdə bacalar (kiçik pəncərələr) açıq saxlanardı. İndi bunu etməyən şəxs, sadəcə öz canına qəsd edəndir”.

Qonşu ölkələrdə bu kimi halların baş verib vermədiyinə gəlincə isə ekspert qeyd edib ki, əvvəllər Türkiyədə bizdəki kimi dəm qazından zəhərlənmə halları olub:

“Onlarda kömürlə qızdırılan evlərdə zəhərlənmələr daha kütləvi idi. Ancaq qaz ölkəyə ayaq açandan sonra, aparılan maarifləndirmə işləri ilə bu problem orada minimuma endirilib. Məsələn, siz mənfi 30 dərəcə şaxtası olan Qazaxıstanda belə şeylərlə demək olar ki, qarşılaşmazsınız. Çünki insanların odla işləmək təcrübəsi var. Bizdə insanlar sanki ibtidai icma dövründəki kimidirlər. Qazı yandırıb gecə hər yeri bağlayıb yatırlar. Oksigen azalanda faciə baş verməsin bəs nə olsun?”

Günel Türksoy