QHT Şurası müzakirə təşkil etdi

qht-surasi-muzakire-teskil-etdi-
Oxunma sayı: 639

Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, bu gün Beynəlxalq Mətbuat Mərkəzində Milli Məclisin deputatları, beynəlxalq təşkilatlar, biznes qurumları, yerli QHT və media təmsilçilərinin iştirakı ilə “Sosial Sifariş haqqında” qanun layihəsi və Korporativ Sosial Məsuliyyət Xartiyası müzakirə edildi. Tədbiri açan Şura sədri Azay Quliyev qanun layihələrinin ictimai fəaliyyət üçün böyük əhəmiyyət daşıdığını və onların QHT qanunvericiliyinin möhkəmləndirilməsində müsbət rol oynayacağını vurğuladı. A.Quliyev Şura tərəfindən yaradılmış işçi qrupların qanun layihələri üzərindəki fəaliyyətini yüksək qiymətləndirməklə bərabər qeyd etdi ki, layihələrin daha da təkmilləşdirilməsi məqsədilə onların müzakirələrinin davam etdirilməsi vacibdir. A.Quliyev bu müzakirələrin hökumət nümayəndələri, iqtisadiyyat sahəsi və QHT təmsilçilərinin iştirakı ilə Milli Məclisin müvafiq qurumları səviyyəsində keçirilməsini də istisna etmədi.

“Sosial Sifariş haqqında“ qanun layihəsini müvafiq olaraq işçi qrupun rəhbəri Sahib Məmmədov, Korporativ Sosial Məsuliyyət Xartiyasını isə İsrail İsgəndərov təqdim etdilər.

Tədbirdə çıxış edən Milli Məclisin İqtisadiyyat komitəsinin sədri Ziyad Səmədzadə müzakirəyə çıxarılmış sənədlərin vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayacağını qeyd edərək, onların rəhbərlik etdiyi İqtisadiyyat komitəsində müzakirə olunaraq daha da cilalanmasını mümkün saydı.

Müzakirələrdə çıxış edən millət vəkilləri Musa Quliyev, Əli Məsimli, beynəlxalq təşkilatların təmsilçiləri Məhəmməd Quluzadə, Şahin Şükürov, QHT rəhbərləri Aydın Kərimov, Qubad İbadoğlu, Razi Nurulla, Səadət Bənənyarlı, Lyudmila Xəlilova, Nazir Quliyev, Ruslan Atakişiyev, Faiq İsmayılov, Aqil Qəribov və başqaları təqdim edilmiş sənədlər haqqında öz fikir və təkliflərini bildirdilər.