Qərb Universiteti yeni müqavilə imzaladı

qerb-universiteti-yeni-muqavile-imzaladi
Oxunma sayı: 1601

Qərb Universiteti ilə “Excelsior Hotel & Spa Baku” oteli arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Əməkdaşlıq müqaviləsi çərçivəsində Qərb Universitetinin “İşgüzar-inzibatçılıq” fakültəsi tələbələri III kurs istehsalat və IV kurs diplomqabağı təcrübələrini adı çəkilən otelin departamentlərində keçə biləcəklər.

Universitetdən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə Qərb Universitetinin “İqtisadiyyat, marketinq və menecment” kafedrasının müdiri, professor Pərviz Qurbanov, “Riyaziyyat və kompüter texnologiyaları” kafedrasının müdiri, dosent Rəna Hacıyeva, “Excelsior Hotel & Spa Baku” otelinin baş meneceri Turhan Poyraz, otelin HR meneceri Kamran Rzayev, AtaHolding Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova və Qərb Universitetinin tələbələri iştirak ediblər. Tədbir iştirakçılarını salamlayan otel nümayəndələri əməkdaşlığın davamlı və uğurlu olacağına ümid etdiklərini söyləyiblər.

Qərb Universiteti 50-dən çox dövlət, özəl həmçinin xarici qurumlar, müəssisə və təşkilatlarla əməkdaşlıq edərək tələbələr üçün III və IV kursda təcrübə keçmək imkanı yaradır.