Qəlyançı qızları kim gəlin edəcək?

qelyanci-qizlari-kim-gelin-edecek
Oxunma sayı: 5200

Raminə Eyvazqızı

Yay fəsli Bakının çayxana, kafelərinin yetişdiyi mövsümdür. Hətta evinin birinci mərtəbəsinin həyətini sahə müvəkkilinə şirinlik verib “cay evi”nə döndərənlər də az deyil. Bizdə yüzlərlə evsiz olsa da, hər şeyin “evini” düzəldiblər. “Dönər evi”,“oboy evi”,“qutab evi”, hətta “plastik qapı “evi”...

Öz evindən olan ölkə kişilərini çayxanada toplaşmaq adətini də milli ənənələrimizə yamayıblar. Bir qrup kişinin axşam düşən kimi mütləq çayxana söhbətlərindən bəhlənməyi qaydadır. Kişi qeybətinin formalaşdığı və qidalandığı məkanlar. Bu məkana üz tutana ev əhalisi etiraz da edə bilməz. Həmin çayxana, kafelərdə ancaq kişilər otura bilər, zənnən xeylağının ora boylanmağı həyasızlıqdır. Bu bir steriotipdir.

Amma ki, bu obyektlərdə qadın-qız ofisiantların işləməsi mütləqdir. Necə ki, bu gün addımbaşı hər yerdə “ofisiant qız lazımdır”elanlarına rast gəlirik. İndi bu elanlara başqa bir elan da əlavə olunub. “Qəlyançı qız tələb olunur”. Qəlyan düzəldib kişilərin masasına gətirtmək də bəzi işbazların qadından istifadəsində yeni dövrü başladır. Kaş ki, qəlyan düzəldən qızların bəxti, bəzi qəlyançəkən qızlarınkı kimi gətirərdi.

Bu yaxında Əcəmi metrostansiyası tərəfə yolum düşmüşdü. Metro çıxışı boyu bir-birini qovan çayxanalar və çayxana qarşısında düzülmüş qızlar əcnəbilərin kənar məhəllələrini xatırladırdı. Açığı bu obyektlərin məqsədlərini azdan-çoxdan təxmin etmək olur. Adama elə gəlir ki, burada ictimai asayiş donub. Qızların obyektin pilləkənində kişi kimi çömbəlib oturmaq forması, saçlarının kəsim şəkli, geyim tərzi, bir-birini səsləmə üslubu...

Vacib missiya ilə yaraqlanmış kimi. Neçə edirsən et, müştəriləri çayxanaya dəvət et, onların daimi olmasına çalış. Bu qızların üzü də ifadəsizdi. Hamısı qarşıdan keçənlə göz təmasına can atır. Kişilərə “şirin” görünmək üçün həvəsləri olmasa da, geyim və davranışlarını bir daha işə salırlar. Bu ötəri təəssüratlardır, vəziyyətin dərininə getmək kimi şansım olmadığından sadəcə təəssüf edirəm. Təəssüfü kirlənmiş çayxana mədəniyyətinə görə yox, orada çalışan onlarla gənc, dul zənnən əhli üçün edirəm.

Bu qulluqçuların çoxu gələn müştərilərin “çayevoyu” hesabına qazanc əldə edirlər. Onlar üçün sadəcə “iş şəraiəti” yaradılıb. Belə məkanlarda çayını hortuldada-hortuldada içən, qəlyanını içinə çəkən əks cinsin həmin qadınlara yaxşı gözlə baxmadığına da əminəm. Müdirindən tutmuş, çox müştərisi ov gözləyən şirdən betər fürsət içindədir. Qadın buyruqqullarına pis gözlə baxmaq kişilər (istisnalar var!) üçün normaldı. Çünki ən abırlısının da ağlında kök salmış fikir belədir, “yiyəsi, sahibi olanın gecəyə qədər çay evində nə işi var”. Bu fikir ağlı başında olan, çarəsizlikdən işləyən ofisiant, qəlyançı qızların belə üstünə biçilmiş paltarı xatırladır. Və bu “paltarla” təmiz qızları evinə, özünə gəlin edəcək kişinin tapılacağına inanmıram.
Ötən il İsveç şahzadəsi Çarl ofisiant qızla evlənəndə ona “halal olsun” demək paxıllığını çəkənlərin ilk işi o qızın gözəlliyini müzakirə etmək oldu. Bizimkilər Çarlı başdanxarab adlandırıb təhqir də etdilər. Ofisiant qızın xoşbəxt olmaq haqqı yoxdurmu?

Dünən yenə Qara Qarayev metrostansiyasının çıxışında dayanacağa yaxın kafeyə bir qızla oğlan yaxınlaşdı. Oğlan kafenin dönər satılan pəncərəsindən içəriyə “ofisiant qız axtarırdız?” deyərək, boylandı. Yanındakı qızın əlindən elə yapışmışdı ki, elə bil qızı işə düəltməyə yox, şənliyə gətirmişdi. Göstərmək istəyirdi ki, bu qız sadəcə işləmək istəyir və yiyəsiz deyil. Axı çay evində işləyən onlarla qızın taleyi sual altındadır, 10-15 il sonra həmin gözükölgəli qızlar cayxanalarda keçirdiyi sütül vaxtlarına yanacaqlar, heç ofisiantlığa da yaramayacaqlar. Bu gəncsə, sahibləndiyi qızın gələcəyini nida ilə bitirmək arzusundaydı. Düzdü, o qıza müdir də, müştəri də əmr edəcəkdi. Axı əmr cümlələri də nida işarəsi ilə bitir. Görünür bu gənc oğlan başqa nidanı hədəfləmişdi. Xoşbəxt olun!