Qələt eləmək vərdişi

qelet-elemek-verdisi
Oxunma sayı: 8565

Raminə Eyvazqızı

Dəfələrlə “qələt eləmə” sözü üstündə bir-birini söyüb, “yuyub, günün altında qurudanları” görmüşük. Hətta bu kəlmə üstündə bir-birini bıçaqlayan insanlar da olub. Acınacaqlı səbəbin güdazına gedənlər bu gün də var.

Sözlərin mənasını bilmədən, onu işlədərək başqasıyla savaşa girmək. “Qələt” sadəcə “səhv” deməkdir. Məsələ ondadır ki, “qələt edirsən”, “qələt eləmisən” fikrini deyən şəxs qarşısındakının yanlış etdiyini deməkdən çox, sanki onun alçalmasına köklənir. Halbuki Həsən bəy Zərdabi boyda kişi hər yazdığı fikrini başqalarına həvalə edib, “qələtlərimiz üçün əvvəlcədən üzürlü sayin” deyib. O böyük insan qabaqcadan oxucusunun hallalığını alırdı.

Kişi demiş, həm çap, həm yazı işinə özü baxırdı, bu boyda xidmət qarşısında onun qələtini böyütmək doğru da olmazdı, axı. O kişinin maarifçiliyinin tarixi, “Əkinçi”sinin qara və ağ günlərini yenidən qeyd etməyəcəm, məlum zümrə bilməkdədir. Sadəcə 141 il ərzində “qələt” kimi kəlmə üstündə bir-brini paralayan insanlarımız hələ də varsa, onda Zərdabinin “öyrətmək” ənənəsində probemliyik.

Zərdabi ona görə “əkin”ə başladı ki, əkdikləri sözlər, böyüyüb kiminsə işinə yarasın. Bu gün “əkin” sahələri çoxdu, amma hər sahədən sağlam məhsul götürmək olmur. Xəstəbeyinli, müştəbeh şüurlu insanların “əkin” sahələri bahalı gübrə (pul mənbəyi) ilə becərilsə, məhsulu (xəbəri) yaxşı satılsa da, amma o “bərbəzəkli” məhsulun zərərlərini illər sonra görəcəyik. Bir qrupu layiqli insanların əkin sahələrinə girib oğurluq etmək, daş atmaqdan da yorulmur.

Həsən bəy Zərdabi kimi qiymətli olmaq üçün, Zərdabda doğulmaq, zillət çəkmək lazım deyil. Necə ki, rəhmətliyin qəbri üstündə çıxış edən natiqlərdən biri demişdi ki, “o ac gəldi, ac getdi.” Sadəcə yaxşı sözbaz olmaq lazımdır. Heyf ki, “sözbaz” sözü də dilimizdəki “qeybətpərəst”lə eynimənalıq daşıyır. Baxmayaraq ki, ANS vaxtiylə el arasında pis vərdişli şəxsi adlandırdığımız araqatan- “xəbərçi” kəlməsini “xəbərdaşıyan” mənasına çevirib ona yaxşı rəng qatmışdı. Deməli, söz demək, sözlə oynamaq topla oynamağa bənzəməz. Top boşalar, cırılar və artıq atılar. Sözün yerində laxlaması, boşalması isə söz sənəti üçün ağır zərbədir.

Bu gün övladına Həsən, Əli, Ömər, Hüseyn adı qoyanların ətrafı həmin şəxslərin dinlə çox bağlı olduqlarını düşünürlər. Amma bu adları vaxtiylə Əli bəy Hüseynzadə, Ömər Faiq Nemanzadə kimi şəxslər daşıyıb axı. O kəslər ki, Zərdabi ənənəsinə sadiq qalıb maarifçilik paltarını öz boylarına biçmişdilər. Daha çox ağır şərtlərlə işləyən maarifçilər zamanın qələtlərini camaata göstərməkdən yorulmayıblar. Yəni, indiki kimi qələt görməkdən usanmayıblar.

Cəmiyyət qələt, nöqsan içindədir. Deyirlər, belə qələt dinamikası olmasaydı, media, jurnalistika da ətalət yaşayardı. Əsl jurnalistika nə ətaləti,nə də istirahəti sevmir. Bəlkə də dünyada yeganə sənət sahəsidir ki, buranın insanları dinməz dayana bilmirlər.

Həsən bəy bizim birincimizdir. O ilk olmaq üçün özünü kodlaşdırmamışdı, sadəcə başını aşağı salıb işini görmüşdü. Birincilik möhürünü bugünkü kimi hərə özünə vurmur, bunun üçün 141 keçməsə belə, böyük tarixin yaşanması gərəkdir.

Həmkarlar bayramınız mübarək! Bu “həmkar” (birlikdə qulağı kar olmaq deyil hər halda) sözündə də bir müəmma var. Bir-birimizə, cəmiyyətin qələtlərinə qulağımızı kar yox, açıq qoyaq, ətrafın karına yetək! Qələt eləməyək!