“Qarpızımız qıpqırmızı, yemişimiz bal kimi...” - Bəs qiyməti?

qarpizimiz-qipqirmizi-yemisimiz-bal-kimi
Oxunma sayı: 5125

Ötən illərə nisbətən bu il bostan məhsulları bazarlarda yerini daha tez tutub. Hətta fermerlər də qarpız-yemişin bol, qiymətlərin də ucuz olacağını bildiriblər. Onların sözlərinə görə, hazırda daxili bazara çıxarılan məhsulun çoxluğu səbəbindən qiymətlər ötən il ilə müqayisədə 2 dəfə aşağıdır. Əvvəl 60-70-80 qəpiyə satılan yemiş, indi birdən-birə 20 qəpiyə düşüb.

Qafqazinfo”nun əməkdaşları da həm qiymət, həm də müştərilərin alıcılıq qabiliyyətini müşahidə etmək üçün paytaxtın “Nəsimi” bazarında olub.

Bazarda demək olar ki, hər piştaxtanın üzərində qarpız-yemiş görmək mümkündür. Səhər saatları olmasına baxmayaraq, alıcı gözə dəymirdi. Satıcılar da elə bundan narazıdır. Onların sözlərinə görə yemiş-qarpız sezonu tez açılsa da, elə bir maraqlanan yoxdur:

“Havalara görə, bu il bostan məhsullarının sezonu tez açıldı. Ancaq elə bir alıcı yoxdur”.

Bazarda qiymətlər də ucuz sayılmaz. Yemişin kilosu 1 manat 50 qəpiklə 2 manat arasında, qarpız isə 40 qəpiklə 70 qəpik arasında dəyişir. Maraqlısı odur ki, bu məhsullar meyvə-tərəvəz mağazalarında bazardakı qiymətlərdən daha ucuzdur. Məsələn, kilosu 30 qəpiyə qarpıza, kilosu 1 manata yemişə rast gəlmək olar. Satıcılar qiymətlərin baha olmasını belə izah edir:

“Birincisi, bu, yaxşı məhsuldur. Qarpızımız qıpqırmızı, yemişimiz bal kimi. Dadsız yemişi 10 qəpiyə də satmaq olar. İkincisi də, məhsul xaricə, xüsusilə də Rusiyaya ixrac olunduğu üçün qiymətlər bahadır”.

Günel Hacı
Fotolar: Nuran Məmmədov