Qarğıdalı mövsümü

qargidali-movsumu
Oxunma sayı: 2125

Xuraman Hüseynzadə

Qışın çətinlikləri ilə üzləşəndə yayın həsrətini çəkirik. “Kasıbın fəsli yaydır” deyirik. Saatlar, dəqiqələr bir-birini qovur. Və gözlədiyimiz fəsil gəlir...

Bakının yayını Xəzərsiz təsəvvür etmək mümkün deyil. Maddi çətinlik ucbatından istirahətə gedə bilməyənlərin ümid yeridi Xəzərin sahili. Yorğunluqdan, qayğıdan xilas olmaq hər kəsin haqqıdı. Amma gözləmədiyimiz halda mavi gözlü dənizimiz nəhəng timsah kimi udur bizi...

Bu il neçə ailənin göz yaşını dənizə qarışdıran yay yavaş-yavaş qoşununu çəkib gedir. Bu yayın son akkordlarında dalğalara qurban gedənlərin fəryadı eşidilməkdədir hələ ki.

İnsanlar dənizdən qorxmaq istəmir. Ayağımızın altını qazanlardan, üzümüzə gülüb arxamızca danışanlardan ibrət almırıqsa dənizdən çətin qorxaq.

Görünür, dənizin əslində gözəl bir cəllad olduğunu çoxu başa düşmək istəməyəcək... İnsan “gözəl cəllad”ın gözəlliyinə can atır, onun qoynunda öləcəyini ağlına belə gətirmədən...

Yayın son ayının növbəti faciəsi Şıx çimərliyində yaşandı... Çimərlikdə qarğıdalı satan oğlan dənizdə batmaq təhlükəsi ilə üzləşən iki nəfərdən birini xilas etdi və... Özü də boğuldu. Faciə ən yaxın xilasetmə məntəqəsindən 1200 metr aralıda, nəzarətsiz ərazidə baş verib.

Çimərlikdə qarğıdalı satmaqla çörək pulu qazanan gəncin ölümü reallığa tutulan güzgüdü əslində. Belə faciələrimiz çox olub. İnsanlar özləri özlərini qoruya bilmir daha.

Dənizdə ən böyük təhlükəni üzməyi bacarmayıb daha uzaqlara can atanlar yaradır. Bir həqiqəti bilirik ki, çimməyə gələnlər məlumatlandırılsa belə faciələr baş verməzdi.

Qəzavü-qədər, qismət də deyənlər oldu bu faciəyə, kasıblıq, ehtiyatsızlıq adı verənlər də...

Əslində isə kimisə ölümdən xilas etmək üçün həyatını riskə atmağın bir adı var: igidlik.

Kiməsə kömək üçün uzada biləcəyi əli cibində gizlədənlərin çox olduğu bu dövrdə belə cavanların olması ilə qürur duymaq lazımdı. Yerdə qalanların çiyinlərinə bir yük düşür: onları qorumaq...

***

Daha bir yay günəşin sarı şəfəqlərini də yığıb getməyə hazırlaşır. Bir azdan bağ-bostanlar solacaq, hava soyuyacaq və dənizdən əl-ayaq çəkiləcək.

Qarğıdalı mövsümü də bitəcək...