Qanunsuz hasarlar uçuruldu - Foto

qanunsuz-hasarlar-ucuruldu-
Oxunma sayı: 3138

Əmlak Məsələləri Dövlət Komitəsi torpaqlardan mövcud qanunvericiliyin tələblərinə uyğun istifadə ilə bağlı Bakı və regionlarda aktiv monitorinq və reydlər keçirir.

Qurumdan “Qafqazinfo”ya daxil olan xəbərə görə, məqsəd torpaq ehtiyatlarından səmərəli, məqsədli və qənaətli istifadənin təmin edilməsi, qanunazidd və əsassız istifadə hallarının qarşısını almaqdır. Komitə tərəfindən növbəti belə monitorinq 2 mart tarixində Sabunçu rayonunun Ramana və Maştağa qəsəbələrində keçirilib. Bu monitorinqi komitə müvafiq rayon icra hakimiyyətləri, bələdiyyələr və rayon polis şöbələri ilə birgə keçirib. Monitorinqlər nəticəsində Sabunçu rayonu ərazisində dövlət mülkiyyətində olan 25 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz olaraq özbaşına tikinti aparılması halları aşkarlanıb və qarşısı alınıb.

Belə hallara Abşeron rayonunun istifadəsində olan Xəzər rayonunun Zirə və Türkan qəsəbələrində də yol verilməklə torpaqların kənd təsərrüfatı təyinatlı olmasına baxmayaraq aparılan qanunsuz tikinti işləri dayandırılıb. Qeydə alınan pozuntu halları ilə əlaqədar tədbirlər görülüb, cərimələr və sanksiyalar barədə inzibati protokollar tərtib edilib və bildirişlər verilib. 7 şəxs barəsində torpağın münbit qatının korlanaraq, qeyri-qanuni tikinti işlərinin aparılmasına görə inzibati protokol tərtib edilib. Eyni zamanda, 10 şəxsə torpaq üzərində heç bir hüquqi sənəd olmadan hasara alma halının aradan qaldırılması, 5 şəxsə isə əraziyə tökülmüş tikinti materiallarının yığışdırılması barədə xəbərdarlıqlar edilərək müvafiq bildirişlər verilib.

Komitə tərəfindən qarşıdakı dövrdə də torpaqlardan qeyri-qanuni və səmərəsiz istifadəsi ilə bağlı monitorinqlər davam etdiriləcək.