Qadınlar evdən sizə görə qaçır...

qadinlar-evden-size-gore-qacir
Oxunma sayı: 5866

Nərmin Dadaşova

İldə bir, uzağı iki dəfə rayona getmək fürsətim olur. İlin birinci yarısı əlində gəlincik gördüyüm qız uşaqlarını həmin ilin ikinci yarısı gəlin kimi görürəm. 14-15 yaşlı çiyinə belə böyük yükü yükləməkdə valideynlərin məqsədi nədir, bilmirəm, anlamıram. Anlamadığım bir şey də, övladını ən çox dördüncü sinfə qədər məktəbə göndərən valideynin, sonradan onun ailə yükünün altında əzilmiş, çəlimsiz canına baxıb uzun-uzadı köks ötürüb hər şeyi Allahın qisməti adlandırmasıdır. “Allahın qisməti bu deyil, bu ola biməz, bütün gün dua etdiyiniz, səcdə etdiyiniz Tanrı sizə belə qismət yazmaz”,- demək istəyirsən. Amma deyə bilmirsən. Çünki onlar qismətin boynuna yıxdıqları bu bəhanəyə sidq ürəkdən inanırlar. Qəbul etmək istəmirlər ki, Allahın onlara qismət elədiyi elə bu uşaqlardır. Yerdə qalan hər şey isə valideynin əməlləridir. Yaxşısı gözəl bəxt, pisi peşmanlıq olan əməlləri.

İki-üç həftə əvvəl, 2 dəfə evlənmiş 25 yaşlı oğlanın başqası ilə nişanlı olan 17 yaşlı qızı qaçırdığı xəbərini oxuyub siz də təəccübləndiniz yəqin ki. 25 yaşlı gənc niyə canına yer tapmır, əyninə paltar alırmış kimi özünə hər il bir “arvad” alır? 17 yaşlı qız niyə nişanlıdır? Niyə həyatda heç nəyə nail olmamış, boş mənasız bir kişi üçün 3-cü qadın olmağa razıdır? Niyə cəmiyyət baş verən bu hadisədə çıxış yolunu bu iki gənci “parçalamaq”da görür? Sizcə də onlardan əvvəl, valideynlərin boğazına çökmək lazım deyilmi? O qız, ömrünün 3 yox, 16 ilini təhsilə həsr etsəydi, o oğlan ailəsindən normal tərbiyə görüb, adını yaza bilsəydi, beləmi olacaqdı “qismətləri”? Olmayacaqdı, əlbəttə.

Bu hadisdən bir az keçmiş evli qadın ərini, uşaqlarını atıb başını götürüb evdən qaçdı. Hərə əlinə bir diktofon götürüb hadisə yerinə qaçdı. Valideynlərsə müsahibə verməyə ancaq ona görə razı oldular ki, hamıya bunun onların günahı olmadığını dönə-dönə söyləsinlər. Arsızcasına bəyan etsinlər ki, evdən qaçan gəlin, qız ruhi xəstədir, onu övladlıqdan siliblər, xeyirsiz övladdır və sairə...

Halbuki, onlar bircə-bircə üzr istəməli idilər, evdən qaçan qadından. İnsan isti yuvasını, yaxşı ərini, övladlarını qoyub hara gedə bilər axı?! Heç hara! Bütöv bir nəsli, o böyüklükdə kəndi, həyatlarına soxulmuş onca burnu gözə alıb qaçmaq ciddi məsələdir. Ölümü gözə almaqdır, ölüm həddinə çatdırılmaqdır. Cinayətdir yəni...

Bir gün də keçmiş, xəbər gəldi ki, rayonların birindən gəlmiş iki uşaq atası şəhərdə yaşayan sevgilisini qardaşı ilə dənizə getdiyinə görə bışaqlayıb.

Qulağıma səs gəlir. Eşidirəm bir ağbirçək ayağının birini altına yığıb asta-asta deyinir. Deyir ki, bizim vaxtımızda... Hə, sizin vaxtınızda belə şeylər olmurdu. Qadınlar daha dözümlü idilər. Ona görə ki, alternativlərinin olduğunu bilmirdilər. Seriallara baxmırdılar. Kumirləri serial, klip, şou, maqazin qəhrəmanları deyildi.

İndi ona görə qaçmağa ürək edirlər ki, “Kara sevda” serialında Nihan əri Emiri qoyub sevgilisi Kamalla getdi. Sonra geri qayıdanda ona gözün üstə qaşın var deyən olmadı. Yumruq boyda ürəklərinin əsirinə çevrilib, ovuc boyda olan beyinlərinə arxalanıb macəra, sevgi, qayğı, diqqət, xoşbəxtlik dalıyca qaçır qızlarınız.

O xoşbəxtlik ki, onu heç qaçdığı yerdə də tapa bilməyəcəklər. Çünki onu siz, çoxdan, onları kitabsız, dəftərsiz qoyanda, balacaca qızların belinə qadınlıq yükləyəndə öldürmüsünüz.