Qadın oğurluq edərsə...

qadin-ogurluq-ederse
Oxunma sayı: 1951

Xuraman Hüseynzadə

Çoxdanın söhbətidi... Əri öləndən sonra Rəfiqə xala bazarda bir piştaxta kirələyib başlamışdı meyvə-tərəvəz alverinə. Oğlu Əlövsətlə qızı Aynurə nəzarətsiz qalmışdı. Rəfiqə xala gecəsini gündüzünə qatıb balalarını ehtiyac çəkməyə qoymurdu. Analarının başı bazarda çörəkpulu qazanmağa qarışdığından məktəbdən yayınan uşaqlar dadanmışdı qonşuların bağından meyvə oğurlamağa. İllər keçdikcə bacı-qardaş daha böyük oğurluqlara əl atırdı. Yavaş-yavaş ciblərə girdilər. Sonra evlərə...

-Rəfiqə xala, hara gedirsən?

-Türməyə. Əlövsətə yemək aparıram.

-Rəfiqə xala, hardan gəlirsən?

-Türmədən. Aynurəyə yemək aparmışdım.

Günlər bu minvalla ötüb keçirdi. Əlövsətlə Aynurə zindandan çıxıb bir-iki ay azadlıqda gəzəndən sonra yenidən oğurluq edib qayıdırdılar öz “yuvalarına”. Həbsxanaları saya-saya yaşa doldu bacı-qardaş. Bir dəfə Əlövsəti gördüm bir məclisdə. Saçı tökülmüş, üzü qırışmışdı. Nə təhsil aldı, nə də ailə qurdu binəva. Bacısı da onun kimi... Oğurluq məhv elədi bu bacı-qardaşı.

Rəfiqə xalagilin qonşusu Kövsər danışırdı: “Bir dəfə bazara getmişdik. Başımız alış-verişə qarışanda 6 yaşlı oğlum balaca bir maşını götürüb atıb zənbilə. Bunu evə gələndə bildim. Maşını götürüb uşaqla gəldim bazara, həmin dükana. Uşağın səhv elədiyini bildirdim satıcıya, özünü də başa saldım ki, bu, pis hərəkətdi, bir də eləmək olmaz. İndi oğlum universitetdə təhsil alır. Böyüdükcə başa salırdım ki, kiminsə malına göz dikənin, oğurluq edənin axırı Əlövsətlə Aynurə kimi olur. Bu bacı-qardaş uşaqlara, gənclərə, anaları Rəfiqə isə valideynlərə örnək oldu...”

“...Gözü çıxmış qardaşdan ibrət almaq” da deyirlər buna.

Amma görək, hamı o “qardaş”dan ibrət ala bilirmi?

Belə olsaydı yəqin ki oğurluqların sayı kəskin azalardı. Və Kalvinonun “Qara qoyun” hekayəsindəki dürüst adamlar da ölməzdi...

İndiki oğurluqlar qəribəliyi ilə fərqlənir. Dedektiv əsərlərdən tanıdığımız oğrular belə mat qalar müasir oğurluq növlərinə. Məsələn, bir neçə gün öncə köhnə ayaqqabılarını mağazada soyunub təzəsini geyən oğlan, satıcılara kələk gəlib onları aldadan qadın... Niyə bu adamlar hər yerdə onları təhlükəsizlik kameralarının izlədiyini unudur?

İnsanlara kələk gəlməyi düşünən beyin yəqin ki, halal zəhmətlə çörək qazanmağın yolları haqda da düşünə bilər.

Başqasının malına necə göz dikirlər?

Həbs olunan, zindanlarda çürüyən oğruların faciəsi yerdə qalanlara dərs olmurmu?