Pulsuzluq

pulsuzluq
Oxunma sayı: 3267

Nərmin Dadaşova

Maddi sıxıntı yaman şeydir. Adamın başını aşağı edir, üzünü qara edir, işini yarım qoyur, xəstəsini öldürür, uşağının vitrindəki oyuncağa tuşlanmış şəhadət barmağını havada qoyur, işıqsız qoyur adamı, qazsız, susuz qoyur, olur ki, ac da qoyur.

Amma düzünü deyim, sadaladıqlarımın içində məni ən çox üzən uşağın havada qalmış şəhadət barmağıdır. Uşağa “yox” demək olmur, uşağa “yox” deyəndə yediyin loxma boğazını cıza-cıza gedir üzü aşağı. Uşaqların da canında az olmur, məsələn mənim qızlarım dondurmanı heç vaxt məndən istəmirlər, çünkü dilimin ucundakı “boğazınız ağrıyar” bəhanəsini yaxşı əzbərləyiblər. Onlar dondurmanı həmişə atalarından istəyirlər, çünki o, nəyin bahasına olursa olsun, dondurmanı alıb, bir az qızsın sonra yeyin deyən tərəfdir. Çünki, atalar bəhanələr etməz, atalar analar qədər çox danışıb özləri-özlərini aldatmaz, mürəbbə suyunu qatıqla qarışdırıb dondurma düzəltmək ağıllarına gəlməz, atalar üçün uşaqların şəhadət barmaqlarının havada qalmağından ağır heç nə ola bilməz.

Siz heç gəncliyində futbol oynadı deyə yaşının əllisində peşman olan adam gördünüzmü? Mən gördüm. Xəstə gəlinini həkimə gətirməkçün borc-xərc edib rayondan paytaxta gəlmişdi. Başını aşağı salıb, süzdüyüm çaydan udumlaya-udumlaya nəyisə-nəyəsə vurur, alınan hasildən neçənisə çıxırdı. Və gün ərzində bunu neçə dəfə etmişdisə nə toplamada, nə çıxmada duruxmurdu, çaşmırdı, rəqəmləri unutmurdu. Və hər dəfə aldığı rəqəmdən narazı qalıb başını sağa-sola bulayırdı.

“Darıxma, düzələr”, dedim. Başını qaldırıb gülümsədi, “Mən vaxtında, cavanlıqda futbol həvəsimi öldürə bilsəydim, yapışa biləsydim bir işin qulpundan, topun dalınca yox, örüşdə mal heyvan dalınca qaçsaydım indi övladlarım hərəsi bir dərədə beş-on manat üçün çırpınmazdılar, rahat yaşayardılar. Gəlinimi aparmağa ən ucuz xəstəxana axtarmazdım, ən yaxşısını axtarardım”, dedi.

Boğazımda nəsə düyünlənmişdi. Danışa bilsəydim deyəcəkdim ki, “Sən pis iş görməmisən, sadəcə futbol oynamısan...”

Analarımızın klişəyə çevrilmiş bir sözü var. Qulağımızın dibinə dəyən hər sillədən, eşitdiyimiz bütün “olmaz”lardan sonra gələn o möhtəşəm cümlə. “Valideyn olanda məni başa düşəcəksən”. Əvvəllər mənə görə bu, sadəcə özünümüdafiə cümləsi idi, amma indi yepyekə bir həqiqətdir. Adamın ürəyinə batır.

Bir həqiqət də var. Bizi- yeri, göyü, kosmosu idarə edən o möhtəşəm varlıq- Tanrı həmişə özünü vaxtında çatdırır. Lap zamanında. Elə o axşam, həmin adamın illərdir hər həftə aldığı “lotoreya”sı ilk dəfə uduşa düşdü.

Təsəvvür edirsiz?