“Pensiyalara il ərzində 210 milyon manat sərf olunacaq” - Elman Mehdiyev

pensiyalara-il-erzinde-210-milyon-manat-serf-olunacaq
Oxunma sayı: 1183

Dövlət Sosial Müdafiə Fondunun sədri (DSMF) Elman Mehdiyev fevralın 6-da Lerik rayonunda ictimaiyyət nümayəndələri ilə görüşüb.

Fondun İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə yerli icra hakimiyyəti orqanlarının, müxtəlif təşkilatların və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayonun sosial-iqtisadi inkişafı, icra olunan çoxsaylı layihələr, aparılan abadlıq-quruculuq işləri, yaradılan yeni iş yerləri barədə məlumat verib.

DSMF sədri E.Mehdiyev çıxışında qeyd edib ki, təkcə cari ilin yanvar ayında sosial ödənişlərin artırılması sahəsində Prezident tərəfindən 20-dən çox sərəncam verilib və sərəncamların icrası 1 milyon 800 mindən çox şəxsə şamil olunub. O qeyd edib ki, əmək pensiyalarının artırılması barədə sərəncamların icrasına il ərzində 210 milyon manatdan artıq vəsait sərf olunacaq.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasından irəli gələn vəzifələrdən danışan E.Mehdiyev bildirib ki, əhalinin gəlir əldə etmək imkanlarının daha da genişləndirilməsi və iqtisadi islahatların sosial müdafiə tədbirləri ilə tamamlanması əsas prioritetlərdəndir.

Deputat İqbal Məmmədovun da iştirak ettdiyi görüş işgüzar müzakirələr şəraitində davam edib.