Papaq və baş

papaq-ve-bas
Oxunma sayı: 1443

Nadir Qocabəyli

Bu günlərdə 15 yaşlı oğlum əynində qara mayka (boksyorkadı-nədi) çıxıb velosiped sürməyə və özündən üç-dörd yaş böyük bir subyekt ona deyib ki, "qaqaş, bu nə geyimdi belə, ayıbdı, get maykanı dəyiş..."

Uşaq evə gəlib deyir ki, ata, mən qız deyiləm ki, ora-buram görsənə, maykadı da, burda nə var ki?

Deməli, onun da düşüncəsinə görə, yalnız əks cinsin nümayəndələri açıq-saçıq geyinə, bədənlərini göstərə bilməzlər. Amma kişilər üçün bu elə də ayıb sayılmamalıdır. Səbəbi də, məncə, onun ailədə, evdə, məktəbdə gördüyü tərbiyədən çox, qadınları örtünməyi vacib buyuran dinimizdən qaynaqlanır. Amma dinimizdə kişilərin geyimi ilə bağlı hansısa qayda-qadağaların olmasıyla bağlı şəxsən mən heç bir bilgi sahibi deyiləm.

Dedim, oğlum, onun sənə qız olsan da, nəsə deməyə ixtiyarı yoxdur. Biz azad cəmiyyətdə yaşayırıq, hər bir vətəndaş da ictimai asayişi pozmamaq şərtilə istədiyi hərəkəti edə, istədiyi şəkildə də geyinə bilər. Bu, onun dünyagörüşünə, düşüncəsinə, səviyyəsinə, yaşına, intellektinə bağlı bir məsələdir. Məsələn, mənim də barmağında bir girvənkəlik yekə qaşlı üzük gəzdirməkdən, təsbeh oynatmaqdan xoşum gəlmir, amma küçədə (heç başqa yerdə də) bunu heç kəsə irad tutmuram. Çünki hamının mənim kimi düşünmək zorunda olmadığını anlayıram.

Amma anlamayanlara qarşı bir az dözümlü olmaq lazımdır, bəlkə də, vaxtı gələndə anlayacaqlar. Çünki hələ uzun illər öncə tələbə dostlarımla şəhərdə gəzərkən bir əcnəbi oğlanla qıza irad tutduğuma görə hələ də xəcalət çəkirəm. Onları Nizami (Torqovı) küçəsində gördük, alman idilər. Boyu iki metrə çatan şort geyinmiş oğlan özündən təxminən iki dəfə balacaboy bir qızla bizim öyrəşmədiyimiz biçimdə addımlayırdılar; oğlan irəlidə o yan-bu yana baxaraq, krossovka geyindiyi iri ayaqlarını dəvəquşu kimi atır, qız da arxadan onun belini qucaqlayaraq, başını, türkün sözü, oğlanın dünbülünün üstünə qoymuşdu. Qızın yorğunluqdan bu şəkildə mürgülədiyini də düşünmək olardı.

Dostlarla qərara gəldik ki, onlara mədəni şəkildə başa salaq ki, burda belə gəzmək olmaz. Ayıbdır! Çünki bura Şərqdir! Şərqsə incə məsələdir! Tapşırığı yerinə yetirmək mənə həvələ olundu və yaxınlaşıb, ingiliscə bunları birtəhər başa saldım. Oğlanın rəngi ağardı, qızsa gülümsədi. Hətta bizim iradımız deyəsən onu xeyli əyləndirdi də.

Amma biz öz aləmimizdə bu iradı onlara guya, ona görə tutduq ki, daha sərt və pis münasibətlə qarşılaşmasınlar. Bununla belə, mən hələ də o hərəkətimə görə utanıram. Çünki onlar çox səmimi və mehriban idilər, heç kəsə mane olmurdular, əksinə, ətrafa sevgi saçırdılar.

Elə bu yerdə Azərbaycanfilm kinostudiyasının 1977-ci ildə çəkdiyi “Sevinc buxtası” filmindən bir kadrı xatırlamaq yerinə düşər. Arvadını saxlaya bilmədiyi üçün boşanmağa məcbur edən bir subyekt yanına özü kimi bir-ikisini də alıb, qadına sonradan normal şəkildə sahiblənən, yəni onunla evlənib kişi kimi saxlayan, hətta uşağına da öz balası kimi baxan Nazimi bazardan qucağı dolu şəkildə evə qayıdarkən saxlayıb deyir: “Qədeş, kişi bazara başıpapaqsız çıxmaz! Utanmırsan? O qızdan da əl çək! Biz bu papağı başımızda boş yerə gəzdirmirik.”

Deməli, arvadını hər gün döyüb-söyən, uşağına baxmayan, onu ac saxlayan, gününü kefdə-damaqda, orda-burda avaralanmaqda, qumarxanada keçirən bir adam üçün kişiliyin yeganə atributu başda papaq gəzdirməkdir. Papağın niyə kişilik meyarı olduğunu bu adam heç özü də bilmir. Sadəcə hardansa, kimdənsə belə eşidib, belə görüb və düşünmədən tutuquşu kimi təkrarlayır.

O filmdəki hadisələr keçən əsrin iyirminci illərinə təsadüf edir. Aradan yüz ilə yaxın vaxt keçib və bu dövr ərzində o düşüncəsiz başların içi dəyişməsə də, çölü yenə də başqalarından görüb-eşitdikləri şeylər sayəsində mexaniki olaraq dəyişib.

Məsələ burasındadır, dislokasiya yeri tinlər, iş-gücləri də başqalarını müzakirəyə qoyub yol göstərmək olan o subyektlərin əksəriyyəti artıq nəinki bazara başıpapaqsız çıxır, çoxusunun ümumiyyətlə heç yerli-dibli papağı yoxdur. Hətta bəziləri qışın soyuğunda da fasonundan papaq qoymur. Əgər qeyrət o papaqda idisə, bəs hanı o papaqlar?