Pambıqla baş “kəsmək”

pambiqla-bas-kesmek
Oxunma sayı: 3837

Raminə Eyvazqızı

Əvvəl çinlilər ölkəmizə daraşdı. Bizimkilər də dəstə-dəstə Çinə qaz vurub qazan doldurmağa getdilər, gəldilər. O qədər keyfiyyətsiz məhsul axıtdılar ki, camaatımız xüsusən geyim məhsullarının zay olduğunun fərqinə vardı. Bu dəfə pakistanlı oğlanların kütləvi tacirliyi başladı. Təmiz pambıq məhsullarının hörməti elə qalxdı ki, artıq “türk geyimləri”( Türkiyə də yox, türk) tədricən nüfuzunu itirməyə başladı. Qadınlarımız səyyar pakistanlı satıcılarının yolunu gözlədi, alınmış məhsullara tərifnamələr qoşuldu və sairə. Daha sonra pakistanlı oğlanları “yoxa çıxartdılar”. Yenə “təmiz pambıq” Türkiyə istehsalı olan ən son keyfiyyətli məhsul bazarlarda ağalıq edir. Hamı altdan, ustdən “təmiz pambıq” geyinmək istəyir. Özgəsinin pambığından hazırlanmış məhsullar necə də canımıza yatır. “Ağ qızıl”ımız hardasa dastana çevrilib, xəbərimiz yoxdur.

Pambığa gedən qızlar yoxdur, pambıq tarlasında şəkil çəkdirən yoxdur. Bu ağ məhsulun qara baxtına ağlayan yoxdur. Uşaqlarımız pambıq adlı bitkini tanımır , “şirin pambıq”onlara daha cazibəli gəlir.
Kənd təsərüffatı və bitkiçiliyin bir vaxtlar nüfuzlu olan sahələrinin iflasa uğradıldığının fərqinə varmaq üçün aqronom olmaq lazım deyil. Bu barədə dərdlənən kəslər, barmaqla sayılan mütəxəsislərsə səsini çıxaranda onlara müxalifətçi deyirlər. O qədər ağrılı vəziyyətdir ki, adam ağlamaq üçün bəhanə axtarır. Hanı bir vaxtlar pambığın şərəfinə keçirilən qurultaylar, medallar alan qəhrəmanlar. Onların kökünü niyə kəsdilər? Hanı dahi Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanımın pambıqçılığa həsr olunmuş qurultaydakı nitqinin davamı, H. Z. Tağıyevin toxuculuq fabriki yaratmaq ənənəsi, pambıqda sevib-sevilənlər, pambıqla birgə özünü ağ günə çıxaranlar? Nəhayət, AMEA-nın Seleksiya və Genetika İnstutunun vaxtöldürən “alimləri”? “Ağ qızıl”ı diriltmək kimi hədəfiniz heç yoxdurmu? Yüngül ( tekstil) sənayesini yanıüstə qoyan monopiliyaçılar əcnəbinin pambığından hazırlanmış alt, üst paltarları əyninizə yaxşı otururmu? İmkan verin, bizim pambıqçılar da özünə gün ağlasınlar da.

***

Bir neçə ay əvvəl Bərdə Pambıqçılıq Fabrikində yanğın baş verdi. Səbəbini tapan olmadı. Pambıq diyarımız olan Bərdənin pambığı “yandırıldıqca” xəstəliyə düşdü. “Pambıqçı” futbol klubu belə dağıldı. Pambıq tezalışandı. “1 kq pambıq 1kq dəmirə bərabərdi”. Bu günədək tapmacalar içərisində ən çox səslənəndi. Bunu ona görə deyirəm ki, 1 kq pambığı yiğmaq üçün əl əməyi gərəkdir. Pambıqyığanların balası, ailəsi çorək yemirmi? Bu yaxında tv kanallarının birində reportaja baxdım. Müsahibə verən bərdəli pambıqçının günü-güzəranı çöhrəsindən oxunurdu. Kişi əsəbi və çox narazı idi. Qınamasalar pambıq tarlasını öz əliylə yandırardı. Deyir ki, pambığın kilosunu 35-38 qəpiyə götürürlər, bu da bizə heç bir xeyir vermir. Məhsulunun zay olmasına razı olan, əməyinə tüpürülən kişi sabah infarktdan öləndə deyəcəklər ki, kişilər arasında infarkt yayılıb. Niyə öz insanınıza qənim kəsilmisiz? Kənd camaatı üzü sarı Bakıya axışır. Aptekdə “yaxşı pambıqdan verin” deyib, yerli pambığı satıcının üstünə atırlar. Uşaqlarımız Pakistan, Türkiyə pambığında böyüyür. Hamı pambıq parça, paltar axtarır. Bizimkilər var gücü ilə öz pambığımızın qurumasına çalışırlar.

Tək bir statistik rəqəm hər şeyi agah edir. 1990-cı ildə ölkənin 264 min hektar ərazisi, 2015-ci ildə isə 18, 8 min hektar ərazisi pambıq əkini sahəsinə çevrilib. Müstəqilliyimiz pambığa heç düşərli olmayıb. Üstəlik, dövlətin “Pambıqçılıq haqqında” Qanununa(2010, 21 iyul) məhəl qoyan da yoxdur. Bu qanunu da o birilər kimi vitrində toz basıb. Kişilər özgə pambığı ilə boğaz kəsirlər, çörək kəsirlər. Kiminsə çörəyini kəsmək böyük günah deyilmi?