“Özünü iş adamının arvadı kimi təqdim edirdi” - Leyla Əhmədovaya sərt cavab

ozunu-is-adaminin-arvadi-kimi-teqdim-edirdi
Oxunma sayı: 8554

Modelyer Leyla Əhmədovanın ittihamlarına qarşı tərəfdən cavab gəlib.

Əmlakın sahibi Nizami Ağayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, mətbuatda onun Leyla Əhmədovanı kirayələdiyi ofisində 5 gün girov saxladığı ilə bağlı yayılan bütün xəbərlər əsassızdır və şou xarakterli iddiadır:

“Biz hüquqi dövlətdə yaşayırıq. Heç bir şəxs kimisə qanunsuz hardasa məcburi şəkildə saxlaya bilməz. Bütün bu yayılan xəbərlər şou-piar xarakteri daşıyır. Leyla Əhmədovanın həmin binada oturmağa heç bir hüquqi haqqı yoxdur. Bu ofis mənim şəxsi əmlakımdır, 2014-cü ildə Seymur İsayev adlı iş adamına icarəyə verərək nümayəndəsi Anar Quliyevlə müqavilə imzalamışam. İki ildən sonra bir illik icarə haqqını ödəyə bilmədikləri üçün qarşı tərəfin xahişlərinə əsasən, həm notariat qaydada, həm də məhkəmə qaydasında həmin müqaviləni ləğv etmişəm. Razılaşmaya əsasən, bizə 1 il ərzində verilməli olan 270 min manat icarə haqqının əvəzində onlar orda qalan daşınmaz əmlakı əvəz olaraq ödədilər və biz müqaviləyə xitam verdik.

Daha sonra Leyla Əhmədova ortaya çıxaraq dedi ki, Seymur İsayevin həyat yoldaşıdır. Lakin biz aydınlaşdırdıq ki, L. Əhmədova onun xanımı deyil. Əhmədova anomal həyat tərzi sürür, özünü iş adamı, modelyer kimi təqdim edir. Özünü yandırmaqla bizi hədələyir. Deyir ki, əgər pul verməsək, mənim şəxsi əmlakımdan çıxmayacaq.

Avqustun 29-da Xətai rayon məhkəməsi qərar çıxararaq bizim onunla olan müqaviləmizi ləğv edib. Eyni zamanda Leyla Əhmədovanın əsassız pul iddialarını rədd edib”.

N. Ağayevin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Leyla Əhmədovanın 5 gündür ofisə girib ordan çıxmadığını bilir: “Əhmədova şou qurub. Özü oraları dağıdır, məhv edir. Polisləri, təcili tibbi yardımı hər dəqiqə ora çağırır, məndən 1 milyon manat tələb edir. Mənim o qadınla nə müqaviləm var, nə də hər hansı bir danışığım... Onun psixoloji durumunu yoxlatmaq lazımdır, özünü reklam eləmək üçün yalançı çıxışlar edir. Mənim hüquqşünasım var, bütün qanuni sənədləri mediaya təqdim edə bilərəm. Bizi qəsdən provakasiyaya çəkmək istəyir”.

Məhkəmənin çıxardığı qətnamənin fotosu