Orta nəslin sosial evlər arzusu gözündə qaldı...

orta-neslin-sosial-evler-arzusu-gozunde-qaldi
Oxunma sayı: 3766

Dünya Sakit

Çoxdan gözlənilən sosial evlərin kimlərə və hansı şərtlərlə veriləcəyi açıqlandıqdan sonra yaşı 35-45 arası olan evsiz kəsimdə ciddi ruh düşkünlüyü yaranıb.

Belə ki, gözləntilərin əksinə olaraq, bəlli oldu ki, sosial evlər heç də mənzili olmayan bütün təbəqələrin ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulmayıb. Onlar sadəcə, Azərbaycan İpoteka Fondu (AİF) ASC-nin vəsaitləri ilə güzəştli şərtlərlə alınmaq üçün tikilir.

Məlumat üçün bildirim ki, 2017-ci ilin dövlət büdcəsi layihəsində AİF və Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) hər birinə 50 milyon manat olmaqla cəmi 100 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

Bu il üçün büdcədən AİF vasitəsilə güzəştli ipoteka üçün nəzərdə tutulan 50 milyon manat isə xərclənməmiş qalıb. Bunun bir səbəbi AİF-in hüquqi formasını dəyişməsi ilə bağlı proseslərdirsə, digər və əsas səbəb sözsüz ki, büdcədə yaranmış vəziyyətdir.

Qeyd edim ki, sosial evlər məsələsi gündəmə gələnədək, hətta son günlərədək hamı dövlət vəsaiti hesabına həyata keçirilən güzəştli ipotekanın şərtlərində yumşalmaların ediləcəyini, onun əhatə dairəsinin genişləndiriləcəyini gözləyirdi. Ən azından ona görə ki, manatın iki sərt devalvasiyadan sonra üzməyə buraxılması nəticəsində əhalinin gəlirləri ciddi şəkildə azalıb: iş yerləri bağlanır, ailələr sabit gəlir yerlərini itirirlər. Eyni zamanda qiymətlərin sürətli bahalaşması fonunda insanların xərcləri də eyni sürətlə artır.

Digər tərəfdən, bu il Azərbaycanda yaşayış minimumu işləyən əhali üçün 140 manatdır, 2017-ci ilin büdcə zərfində isə onun 155 manat olması nəzərdə tutulur. Bu isə o deməkdir ki, 800-850 manat əmək haqqı olan şəxslər artıq mövcud şərtlərlə ipoteka krediti ala bilmirlər. Bunun üçün onların əmək haqqı minimum 1200-1300 manat təşkil etməlidir. Bu isə faktiki olaraq mümkünsüzdür: hazırda bütün sahələrdə mövcud əmək haqqını saxlamaq problemə çevrilir, artımdan danışmaq belə qeyri-ciddi görünür.

Bütün bunlar sosial evlər və ipoteka şərtlərində tezliklə dəyişikliklərin aparılmasını, sosial evlərin daha çox insan üçün əlçatanlığının təmin olunmasını zəruri edir.

Yuxarıda qeyd etdim ki, sosial evlər məsələsi orta yaşlı evsiz təbəqəni məyus edib. Qarabağ müharibəsindən, 90-cı illərin maddi çətinliklər dövründən ən çox zərər görən bu təbəqə arasında evi olmayanlar kifayət qədərdir. Kiçik bir hissəsi istisna olmaqla, nə güzəştli ipotekadan, nə də indi sosial evlərdən bəhrələnə bilməyən orta nəslin də dövlətin güzəştli evlərindən ala bilməsi təmin olunmalıdır.