“Novruz mühazirələri” necə olacaq?

-novruz-muhazireleri-nece-olacaq
Oxunma sayı: 1174

Təhsil Nazirliyinin “Elmdən Təhsilə” layihəsi çərçivəsində tələbələr üçün “Novruz mühazirələri”nə başlanılır. Böyük Britaniyada “Milad mühazirələri” (Christmas lectures) adı ilə məşhur olan bu cür mühazirələr Azərbaycanda tanınmış elm adamları, millət vəkilləri, təhsil ekspertləri tərəfindən ölkənin müxtəlif elm və təhsil müəssisələrində aparılacaq.

“Qafqazinfo” tanınmış ictimai şəxslərin bu mühazirələrlə bağlı fikirlərini sizə təqdim edir: 

Millət vəkili Nizami Cəfərov

“Bu cür mühazirələr dünyada olan bir təcrübədir. Bizdə Novruz bayramı adətən, təntənələrlə, emosional şəkildə keçirilir. Bu, da lazımdır. Ancaq bizim gənclərimizin intellektual səviyyələrini artıran məşğələlərin olması, elm adamlarının yeni araşdırmalarını bölüşməsi, məşğul olduqları sahələr üzrə biliklərini çatdırmaları olduqca faydalı olar. Bununla biz Novruz bayramı təntənələrini maarifçilik səviyyəsinə çatdıra bilərik. Təhsil Nazirliyinin bu təşəbbüsünü alqışlayıram. Yəqin ki, tanınmış elm adamları, müxtəlif elm sahələri ilə məşğul olan professorlarımız bu işə qoşulacaqlar. Bu il Prezident İlham Əliyev tərəfindən multikulturalizm ili elan olunub. Hesab edirəm ki, mövzuların həm də bu istiqamətə yönəldilməsinin əhəmiyyəti olacaq. Çünki Novruz bayramı özü də ən müxtəlif dünyagörüşləri, baxışları, münasibətləri ifadə edən bir bayramdır. Bütün bunlar mühazirələrdə öz əksini tapa bilər. Ümid edirəm ki, “Novruz mühazirələri” yaxşı bir ənənə halını alacaq”.

Təhsil eksperti Şahlar Əsgərov

“Təhsil naziri Mikayıl Cabbarov AMEA-nın 70 illik yubileyi mərasimində “Elmdən Təhsilə” adlı məqsədli proqramla bağlı təşəbbüslə çıxış etdi. Ümumiyyətlə, elmi mövzuların daha sadə dildə məktəblilərə, tələbələrə çatdırılması mühüm hadisədir. Özünüz də bilirsiniz ki, Qərb ölkələrində bu cür proqramlar çoxdan var. Çox məmnunam ki, belə bir tədbiri Təhsil Nazirliyi həyata keçirir. Mən təxminən 6-7 il əvvəl Rusiyanın Pedaqoji Elmlər Akademiyası prezidentinin “Yeni il” mühazirələrində pedaqoji elmin inkişafı ilə bağlı mühazirə oxumuşdum. Həqiqətən də zövq almışdım. Novruz yazın gəlişdir, bayramdır. Biz həmişə bunu ailələrimizlə birlikdə bayram-əhval ruhiyyəsi ilə qeyd edirik. Ancaq düşünürəm ki, bu bayram tanınmış alimlərimizin mühazirələri ilə həm də təhsilimiz üçün yenilik olaraq yaddaşımızda qalacaq”.

Təhsil eksperti Etibar Əliyev:

“Bu təşəbbüs Təhsil Nazirliyi tərəfindən verilib. Ancaq bunu ali məktəb rəhbərləri də təşkil edə bilərdi. Hesab edirəm ki, “Novruz mühazirələri” eyni zamanda ali məktəblər üçün də belə bir təşəbbüsün göstərilməsinə imkan yaradacaq. Alimlərin elmi mövzuları nə dərəcədə tədqiq etməsi, yeniliklərə hansı səviyyədə meyl etmələri, beynəlxalq təcrübə gənclərin üçün həmişə maraqlı olub. Belə mühazirələr gələcək tədqiqatlarda gənclər üçün böyük əhəmiyyət kəsb edər. Bu mütəmadi olmalı, il ərzində bir neçə dəfə təşkil edilməlidir. Çünki bu cür mühazirələr elm və təhsilə stimulu gücləndirər”.