Nərimanovda Gənclər gününə həsr olunan toplantı keçirilib

nerimanovda-gencler-gunune-hesr-olunan-toplanti-kecirilib
Oxunma sayı: 915

Bu gün Nərimanov Rayon İcra Hakimiyyətinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı “2 fevral – Azərbaycan Gəncləri günü” münasibəti ilə “Azərbaycan gəncləri – Azərbaycanın gələcəyidir” mövzusunda rayon gənclərinin toplantısı keçirilib. “Qafqazinfo” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov ilk öncə Müstəqil Azərbaycan gənclərini bu bayram günü münasibətilə ürəkdən təbrik edib, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb.

Sonra çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev qeyd edib ki, bu gün Azərbaycanda gəncliyin potensialına böyük önəm verilməsi, onların qayğı və problemlərinin həll olunması, istək və arzularının reallaşması üçün hər cür əlverişli şərait vardır.

Daha sonra toplantıda Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, YAP Nərimanov Rayon Gənclər Birliyinin sədri Yusif Babanlı, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova, Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Rəsul Həşimov, Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov və digərləri çıxış ediblər.

Tədbirin sonunda Dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi istiqamətindəki fəaliyyətinə, təhsilində fərqləndiyinə, Nərimanov rayonun mədəni-kütləvi tədbirlərində fəal iştirakına görə və “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə bir qrup rayon gəncləri mükafatlandırılıb.

Həmçinin Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev gənclərə göstərdiyi diqqət və qayğıya görə və “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə “Gənclərin Dostu” adlı Fəxri Fərmanla təltif olunub