Nənəmin tatusu

nenemin-tatusu
Oxunma sayı: 1746

Raminə Eyvazqızı

Metronun platformasındakı nənə nəvəsinin başına qapaz vurub "baran" deyəndə gözüm qadının ayaqqabısına sataşdı. Adətən əcnəbi qadın müğənnilər səhnədə elə dikdabanlardan istifadə edir. Günün ortası, metroda əliqapazlı nənə, özünə baxan amma nəvəsini təhqir edən tip. 21-ci əsr nənələrinin çoxu qırışının qeydinə qaldığı qədər nəvə qeydinə qalmır. 20-ci əsrdə qazandığımız nənələrimiz. Pulunu əynində gizlədən, hörüklərini küləyə verən, nəvəni ata-anadan qoruyan cəngavərlər. Həyasına qurban olduğum nənələr!

Gözümü açandan nənəmlə babamı yola gedən görməmişəm. Amma səkkiz uşaq veriblər dünyaya. Dörd yaşlı xalam qaynar şor qazanına düşüb öləndə də babam nənəmi təqsirkar bilib zavallıya iki gün zülm edib. Ardınca da zorakılıq şahidi o biri uşaqlarına kənd-kənd düşüb çıldaq axtarıb.

Babam nənəmdən boyca 4-5 sm balaca olardı, boy fərqi nənəmə hər formada zülmü dindirməyib heç vaxt. Cəfakeş qadın hər zaman dəbdədir.

Körpə yaşlarımda nənəm saxlayıb məni. İlk qız nəvəsi idim. Biləyindəki sonsuzluq işarəli tatudan tanıyarmışam onu. Məni götürən qucaq sahibinin biləyində o işarəni görməyəndə ağlayarmışam. Nənəmin tatusunu elə hey dırnağımla qazıyarmışam. Tatusunu gənc yaşda ölən tək qardaşının eşqinə döydürmüşdü. Gənc qızın bir üsyanı idi bu tatu. O vaxtlar döymələr indidən fərqli görünən yerdə olarmış.

Beş həftə əvvəl sonuncu nənəmi itirdim. Babamı itirdiyim tərzdə. Sən demə, ölümün də üslubu, tərzi olurmuş. Altı il əvvəl kor babam insultdan sonra tam doqquz gün tək döyünən ürəyi ilə evin ortasında qaldı. Beyin çoxdan ölmüşdü. Nənəm susqun idi. Babam canını tapşıranda bərkdən qıy vuran nənəmin "Cəfər, eyyyy" deməyini unuda bilmirəm. Nənəm babamı heç belə əzizləməmişdi, meyiti kimi.

O, da babamın ölümünü yamsıladı elə bil. Doqquz gün otaq ortasında qaldı. Ağır şəkər xəstəsi, topuqdan ayağı kəsik nənəmin ölümünü tez təxmin edənlər ondan qabaq, çoxdan ölmüşdülər. Dirənən qadın idi. Uşaqlığının bir obrazını da ölümə buraxıb vidalaşmaq ağırdı. Hər yanına gələndə içim "cızz" edirdi. "Balaların necədi, ordan bu uşağa çay-çörək verin" deyənim yox idi artıq. Və zamanı doldu, getdi sonsuzluğa. Son nəfəsində tatulu biləyindən öpdüm. Tatu sümüyə yapışmış, qırışmış dəridə formasını itirmişdi. Nənəmin necə də gözəl adı vardı-Gülüm!

Nənəm qarışqa incidən nəticələrinə deyirdi ki, öləndə qarışqalar didəcək sizi, onların da intiqamı olur. İndi bilmirəm, görəsən,nənəmin sonsuzluğunda torpaq altındakı cücülər yaxşı adamı seçə bilirlərmi? Uşaq sualıdı lap. Bəs, ətrafda sonsuz pislik edənlər bunu belə bilsəydilər, farağat durardılarmı?