Neftçalada qanunsuz qum daşınması ilə bağlı inzibati araşdırmalara başlanılıb

neftcalada-qanunsuz-qum-dasinmasi-ile-bagli-inzibati-arasdirmalara-baslanilib
Oxunma sayı: 777

Bəzi Kütləvi İnformasiya Vasitələrində Neftçala rayonunun Şirvan kəndi ərazisindən qanunsuz qum daşınması ilə bağlı yayılan məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları tərəfindən operativ olaraq yerində araşdırılıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Nazirliyin əməkdaşlarının apardığı araşdırma zamanı Neftçala rayonu Şirvan kəndinin şimalında, Xəzər dənizinin sahilində qanunsuz qazıntı işlərinin aparılması və qum daşınması faktı öz təsdiqini tapıb. Aşkar olunmuş faktla əlaqədar nazirliyin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilərək inzibati araşdırmalara başlanılıb.

Eyni zamanda, qanun pozucularının şəxsiyyətlərinin müəyyən edilməsi və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə rayon ərazisinə daha yaxşı bələd olan, rayonda baş verən bu cür hadisələrə cavabdehlik daşıyan Neftçala rayon Polis Şöbəsinə və Neftçala rayonu Şirvanlı kəndinin də daxil olduğu Yenikənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə, həmçinin kənd bələdiyyəsinə qanunsuz qum daşınmalarına son qoyulması üçün müraciət olunub. Əminik ki, rayon hüquq-mühafizə və icra orqanları öz səlahiyyətləri çərçivəsində rayon ərazisində baş verən qanunsuz qum daşınmasının qarşısının alınmasına və təqsirkarların müəyyən edilərək cəzalandırılmasına nail olacaq.

Qeyd edək ki, sözügedən ərazi Nazirliyin aidiyyəti qurumu tərəfindən nəzarətə götürülüb və qanun pozucuları müəyyənləşdirildikdən sonra həmin şəxslərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati qaydada cərimə və təbiətə vurduqları ziyana görə iddia tətbiq ediləcək.