Nazirlik tibb bacısının işdən çıxarılmasının səbəbini - Açıqladı

nazirlik-tibb-bacisinin-isden-cixarilmasinin-sebebini-
Oxunma sayı: 3710

Səhiyyə Nazirliyi işdən çıxarılan tibb bacısı ilə bağlı açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın modern.az-a verdiyi məlumata görə, son günlər bir sıra xəbər saytlarında Səhiyyə Nazirliyinin sertifikasiya imtahanında keçid balı toplaya bilmədiyi səbəbindən Əmək Məcəlləsinə əsasən əmək müqaviləsinə iyunun 29-dan xitam verilən Şəmkir rayonu Çinarlı qəsəbə xəstəxanasında mama vəzifəsində çalışan Aybəniz Albabayevanın əsassız iddialarına istinad edərək böhtan xarakterli yazılar dərc olunur:

“Aybəniz Albabayeva 2014-cü il dekabrın 15-də “Mamalıq” ixtisası üzrə keçirilən test imtahanında 100 sualdan ancaq 7-sini düzgün cavablandıraraq sertifikasiyadan keçə bilməyib. Nazirlər Kabinetinin 2010-cu il iyunun 8-dəki 108 saylı qərarı ilə təsdiq edilən “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası qaydası”nın 6.1 bəndinə əsasən sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq tədris müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak üçün nazirliyə müraciət edə bilərlər”.

Məlumatda qeyd edilir ki, qanunvericiliyi əsas tutaraq Albabayeva 6 ay müddətində iş yeri saxlanılmaqla Gəncə Tibb Kollecində peşə hazırlığı keçməyə göndərilib:

“Lakin göndərişə baxmayaraq, Albabayeva peşə hazırlığı keçməyib, 6 ay ərzində sertifikasiya imtahanında iştirak etməyib. Bu səbəbdən qeyd olunan qaydalara və Əmək Məcəlləsinin 67-1 maddəsinin 5-ci bəndinə əsasən onunla bağlanılan əmək müqaviləsinə xitam verilib”.

Aybəniz Albabayeva bildirib ki, baş həkim ondan işdən çıxarılmaması müqabilində 5 min manat istəyib:

“2014-cü ilin dekabr ayında isə Çinarlı qəsəbə xəstəxanasının baş həkimi Altay Quliyev məndən tez bir zamanda ona 5 min manat verməyimi tələb etdi. Bildirdi ki, verməsən səni işdən çıxardacağam.

2015-ci ilin may ayında isə mənə dedi ki, 5 mini vermədiyin üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nurəddin Əhmədovun məsləhəti ilə səni işdən azad etdik. Mən dəfələrlə Nurəddin Əhmədovun qəbulunda olmuşam. O, sonuncu dəfə bildirdi ki, növbəti dəfə bura gəlsən səni dəlixanaya qoyduracağam.

Çinarlı qəsəbə xəstəxanasının baş həkimi Altay Quliyev heç kimdən qorxmadığını, onun arxasında Nurəddin Əhmədovun və Bakıdakı tanışlarının olduğunu deyir. Hər dəfəsində istənilən yerə şikayət edə biləcəyimi bildirir.

Altay Quliyev 65 yaşı tamam olmuş işçiləri təqaüdə göndərmək əvəzinə hansısa yollarla onları xəstəxanada saxlayır. Mən öz işimə yenidən bərpa olunmaq istəyirəm. Çünki üç övladım var. Həyat yoldaşım da rəhmətə gedib. Heç bir yerdən də gəlir yerim yoxdur”.