Nazirlik 25 ton çürümüş ət aşkarladı

nazirlik-25-ton-curumus-et-askarladi
Oxunma sayı: 1806

Son iki gündə mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran 25 ton heyvan cəmdəyi aşkarlanıb.

Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, yoluxucu xəstəliklərdən və qida zəhərlənmələrindən qorunması istiqamətində aparılan tədbirlər çərçivəsində noyabrın 30-da və dekabrın 1-də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Karantin-Polis Taborunun əməkdaşları ilə birgə mənşəyi məlum olmayan, baytarlıq-sanitariya cəhətdən keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran ət və ət məhsullarının satışının qarşısını almaq məqsədi ilə Bakı şəhəri və Bərdə rayonu ərazilərində reydlər keçirib.

Reyd zamanı Ələt-Bakı avtomobil magistralının Qaradağ rayonu ərazisində Dövlət Yol Polisi postunda noyabrın 30-da gecə saat 11-12 radələrində Bakı şəhərinə satış üçün gətirilən 5 tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran dondurulmuş heyvan cəmdəkləri ilə dolu “Mercedes” markalı yük avtomaşını saxlanılıb. Heyvan cəmdəklərinə baxış zamanı heç bir müşayiətedici baytarlıq və digər sənədlərin olmadığı müəyyən edilib.

Avtomobil sürücüsünün və yükü müşayiət edən şəxsin izahatlarına görə yük avtomobilindəki heyvan cəmdəkləri Bərdə şəhəri S.Vurğun küçəsi 9 nömrəli evin sakini Novruzov Seyfəddin Vəliyəddin oğluna məxsusdur. Novruzov Seyfəddin Vəliyəddin oğlunun həyətində ona məxsus dövlət baytarlıq qeydiyyatında olmayan iki soyuducu kameraya dekabrın 1-də baxış keçirilib və 20 tondan yuxarı mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran dondurulmuş heyvan cəmdəkləri aşkarlanıb.

Aşkar edilmiş heyvan cəmdəklərinə baxış keçirilərkən onların mənşəyinin məlum olmadığı, orqanoleptik göstəricilərinin standartlara cavab vermədiyi (rəngi dəyişmiş, göyərmiş, qeyri-spesifik iyə malik olduğu) məlum olub. Cəmdəklərin mənşəyinin hansı növ heyvana aid olduğunu, məcburi kəsildiyini, yaxud ölmüş heyvan cəmdəyi olmasını aydınlaşdırmaq, onların xəstəlik törədiciləri daşımasını yoxlamaq üçün həmin cəmdəklərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına təhvil verilib. Laborator müayinələrin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək. Qanun pozuntuları aşkar olunarsa, ciddi inzibati tədbirlərin görülməsi üçün toplanmış sənədlər prokurorluq orqanlarına göndəriləcək.

Bu kimi tədbirlər respublikanın bütün rayonlarında davam etdiriləcək.