Naxçıvan və naxçıvanlılar – Reportaj

naxcivan-ve-naxcivanlilar-reportaj-
Oxunma sayı: 4462



Uzun illər Azərbaycanla birbaşa əlaqəsi olmayan qədim Naxçıvanı görmək, oranın təbiətinə, sərvətinə və insanlarına bələd olmaq istəmişdim. Hərçənd sonuncu haqqında xeyli məlumatım vardı – istər təhsil aldığım universitetdə, istər müharibədə, istərsə də “Qoroskop” qəzetini çıxardığım bu illərdə kifayət qədər naxçıvanlı ilə ünsiyyət qurmuş, dostluq etmişdim. Onu da deyim ki, bu vaxta qədər mənim qarşıma pis naxçıvanlı çıxmayıb. Bəzən o yerdən olan dostlarım yarızarafat-yarıciddi söyləyirlər ki, sadəcə sənin bəxtin gətirib, çünki naxçıvanlının pisi lap pis olur. Hər halda Allahın lütfündəndir ki, mənim qarşıma ancaq yaxşılarını çıxarıb. Amma el arasında “kiçik torpaq” adlandırılan və heç vaxt olmadığım bu Muxtar Respublikaya səfər edib oxucularımızı məlumatlandırmaq qərarına gələndə, bu qərarım tanış-bilişim tərəfindən birmənalı qarşılanmadı: “İlin-günün bu vaxtı Naxçıvana getmək olar?”, “Camaat dağlara qalxıb sərinləmək istəyir, sən də od tutub-yanan bir yerə gedirsən”, “Normal adam bu istidə ora getməz” sözlərini hər gün eşidirdim və onlara yalnız bir cavabım olurdu: “Bəs oradakılar necə dözür?”

Nəhayət, iyul ayının bir qaynar günündə çətinliklə bilet alıb doğmalarımla aeroporta yollandıq. Naşı olduğum üçün qeydiyyatdan təxminən iki saat öncə artıq hava limanında idik. Vaxt-vədə yetişdi və içəri keçdik. Sərnişinlərdə nə qədər alışqan, termometr, hətta mürəbbə və bal vardısa, hamısını müsadirə etdilər. Təxminən saat 19-da təyyarəmiz havaya qalxdı. Bu nəqliyyat növünə axırıncı dəfə 20 il əvvəl müraciət etmişdim. Odur ki, maraqlı anlar yaşayırdım. Təyyarənin salonu çox səliqəli idi, stüardessalar mədəni davranır, istəklərimizi yüksək nəvazişlə yerinə yetirirdilər. Kondisionerlərin işləməsi adama dağ havasını xatırladırdı. Hər bir oturacaqda hava nəqliyyatından istifadə qaydaları, təhlükəsizlik tədbirləri qeyd olunan broşür, həmçinin maraqlı dərgilər vardı. Təyyarə havaya qalxan anda salondakı monitorlar açıldı və uçuş barədə hərtərəfli məlumat-çarx nümayiş etdirildi. Bundan sonra tarixi abidələrimiz haqqında yüksək səviyyəli sənədli bir film göstərildi. Yolun yarısında sərnişinlərə xidmət də göstərildi – hər kəsin istəyinə müvafiq olaraq çay, kofe, müxtəlif su və şirələr, həmçinin yüngül yeyəcəklər verildi.

Ən maraqlısı o idi ki, Naxçıvana az qalmış təyyarəmiz Qarabağın işğal olunmuş ərazilərindən keçdi. Hava aydın olduğu üçün aşağı tər-təmiz görünürdü. Əgər xəritə hesabı yanılmıramsa, bura Zəngilan rayonu idi, dağıdılmış evlər, kimsəsiz ərazilər yetim kimi qalmışdı, sanki əsrlərdir burada adam yaşamırdı... Ərazinin üstündən adlayıb Naxçıvana daxil olduq. Gözümüzə quru və çılpaq dağlardan başqa bir şey görünmürdü. Bu vaxt stüardessa elan etdi ki, Naxçıvanda havanın hərarəti +39 dərəcədir. Bu yerdən olmayan bütün sərnişinlərin (içi mən qarışıq) gözləri böyüdü. Axşam saat 9-a işləmiş belə hərarət sanki hamımıza təhlükəli bir siqnal idi.
Təyyarədən enəndə aeroport meydanından bizi təndir qaynarlığı kimi isti vurdu. Birtəhər gözləmə salonuna girib dayandıq. Onu da deyim ki, uçuş müddəti 55 dəqiqə olsa da, yüklərin boşaldılması təxminən 1 saat sürdü, hamının əsəbləri tarıma çəkilmişdi. Eşitdiyimə görə, təyyarədən enəndən təxminən 13 dəqiqə sonra hər kəsin yükü özündə olmalıdıdr.

Gəlişimizi bilən bütün dost-tanış zəng vurub qarşılamaq istəsə də, növbə yaratmamaq üçün yalnız biri ilə görüşmək qərarına gəldim. 1993-cü ildən görüşmədiyim bir dostum bizi qarşıladı və onun avtomobilində yola düşdk. Şəhər ilk baxışdan yaraşıqlı və təmiz görünürdü. Yolun solunda, uzaq üfüqlərdə gur və sıx işıqlar yanırdı. Dostum o yerin Arazın o tayı – İran ərazisi olduğunu bildirdi... Sözün əsl mənasında göydən od yağırdı. Yaxşı ki, lövbər saldığımız evdə soyuducu vasitələr var idi, əks halda dözülməz hala düşəcəkdik.

Əslində Naxçıvana gəlməkdə əsas məqsədim dünyaca məşhur olan ziyarətgahlara baş çəkmək, xüsusi energetikaya məxsus olan Batabatı seyr etmək və ümumiyyətlə, bu qədim yurdu yaxından tanımaq idi. Bu səbəbdən ertəsi gün sübh tezdən durub şəhəri gəzmək fikrinə düşdüm.

Əvvəlcə deyim ki, şəhər çox səliqəlidir. Küçə və meydanlarda, park və bağlarda zərrəcə yöndəmsizlik, səliqəsizlik yoxdur. Taksi və avtobus sürücüləri, yaşıllıq idarəsində çalışanlar, həmçinin digər xidməti iş icraçıları konkret uniforma geyinirlər. Belələrində mülki geyim yoxdur. Abadlıq işləri o qədər sürətli və unikal aparılır ki, heyran olmaya bilmirsən. İşıqforlar Türkiyə və digər Avropa ölkələrində olduğu kimi saniyələr vasitəsilə tənzimlənir. Azalan saniyələri görən sürücü konkret olaraq dayanmasına və ya getməsinə nə qədər qaldığını asan bilir. Yeri gəlmişkən, burada kimliyindən asılı olmayaraq hər bir sürücü kəmər taxmağa məhkumdur.

Təxminən 400 min əhalisi olan Muxtar Respublikanın bu mərkəzi şəhərində hündürmərtəbəli binalar yox dərəcəsindədir – əsasən beşmərtəbəli binalardan ibarətdir. Gördüyüm ən hündür bina möhtəşəm dizaynlı “Təbriz” mehmanxanası idi. Şəhərdə nazirlik binaları, universitet və digər qurumların binaları xüsusi incəliklə işlənmişdi. Tələbə yataqxanaları Avropanın ən yaraşıqlı yaşayış binalarına bənzəyirdi. Burada binaların öz üslub və quruluşuna görə bir-birindən fərqlənməsi də çox xoşuma gəldi. Məhz bu, şəhərə xüsusi gözəllik verir, həm də küçə və obyektlərin yadda qalmasına imkan verirdi. Obyekt demişkən, Naxçıvanda dükan o qədər də çox deyil. Deyilənə görə, son illər şəhər küçələrində fəaliyyət göstərən yüzdən artıq satış obyekti sökülüb. Çayxanalar da yoxdur, şəhərin bir neçə yerində çay verilir ki, bu da restoran tipli obyektlərdir və bahaçılıqdır. Dondurma yemək üçün xüsusi məkanlar da var, amma baha olduğu üçün insanlar daha çox dükanlardan alıb sərinləşirlər. “57” deyilən məntəqədəki bazarın da yarıdan çoxu sökülüb. Həm bu, həm də digər səbəblərdən insanların əksəriyyəti işsizdir, şəhərdə əhali də gözə az dəyir. Əsas işçi qüvvəsi olan gənclər Bakıya, Türkiyəyə, İrana və Rusiyaya gedib. Naxçıvanda elə bir istehsalat müəssisəsi də yoxdur ki, insanlar işlə təmin olunsun. Su və duzdan başqa burada demək olar ki, heç nə istehsal edilmir. Amma onu da öyrəndim ki, əsasən taksi kimi işlədilən “Lifan” avtomobilləri Naxçıvanda yığılır. Şəhərdəki dükanların bir neçəsində bütün malların Muxtar Respublikada istehsal olunduğunu da gördüm. Amma bu da insanların işsizliyini tam aradan qaldırmır.

Naxçıvanda tam sakitlikdir, heç kim heç kimə sataşmır, hətta sonuncu dəfə nə vaxt cinayət törədildiyini də heç kim xatırlamır. Maraqlısı odur ki, respublikanın ən ucqar kəndinə belə qaz çəkilib. Ən keçilməz dağlarda da sarı rəngli qaz borularının keçdiyini görmək olar. Şəxsən mən bunu həm qəhrəmanlıq, həm də tarixi bir uğur adlandırıram. Şəhərdə işıq və su daimidir. Qəribə iki halın da şahidi oldum. Birincisi, şəhərin gözəlliyinə xələl gəlməsin deyə, balkonda və həyətdə paltar asmağa icazə verilmir. Hətta bir küçədən keçəndə 4-cü mərtəbənin balkonuna günə vermək üçün döşək sərildiyini gördüm və üstündən iki dəqiqə keçməmiş yaşlı, hündür bir kişi “4-cü mərtəbə, döşəyi yığışdır!” deyib aşağıdan səsləndi – döşək götürülənə qədər eyni şeyi dəfələrlə təkrarladı. Digər qəribəlik isə onda idi ki, ömrümdə buradakı qədər qaranquş görməmişdim. Türkiyə limanlarında nə qədər qağayı olursa, Naxçıvanda da bir o qədər qaranquş uçuşurdu.

Respublikada dizel yanacağı yox dərəcəsindədir, tək-tük məntəqədə var ki, onu da 1 manatdan ucuz satmırlar. Hamı bunun səbəbini siyasi qovğalarla, yerli və Bakı məmurları arasında yaranmış prinsipiallıqla əlaqələndirirdi. Demək olar ki, blokada şəraitində yaşayan bölgə üçün bunun təhlükəlilik dərəcəsi çox böyükdür. İki qüvvə arasında gedən mübarizədə ortada qalan zavallı camaatın gözləməkdən başqa çarələri yoxdur.

Şəhərdə çox adamın bir yerə toplaşması az qala rəsmi səviyyədə qadağan olunub. Park və bağlarda polislər gəzişir, bir-bir hamıya nəzarət edirlər. Naxçıvanın hər bir küçəsi, döngəsi bütünlüklə kameralaşdırılıb, artıq hərəkətə yol vermək olmur.
Şəhərdə yas yerləri daha çox məscidlərdə təşkil olunur. Məclisdə təmtəraq yasaqdır, çay, qənd, limon və xurmadan başqa süfrədə heç nə olmur. Qaldığım müddətdə Şahab məhəlləsində yerləşən eyniadlı məsciddə iştirak etdiyim bir hüzrdə özüm də bunun şahidi oldum.

Naxçıvanda qız-gəlinlər abırlı geyinir, amma şəhərdə bir nəfər də hicablı qadın görmədim. Burada el-oba ənənəsi bərk-bərk qorunur, hamı bir-birinin tərəfini tutur, yardım edir, qeybət-filanı da az eşitdim. Hələ hava limanında olarkən, təyyarə vasitəsilə doğma və yaxınlarına pul göndərmək istəyən 20-yə yaxın naxçıvanlı görmüşdüm. Onlardan elə üç-dörd nəfəri mənim onlara yardımçı olmağımı rica etmişdi. Qısası, bu yerin əhalisi digər bölgələrlə müqayisədə çox həmrəydir.

Naxçıvanlılar çox qonaqpərvər, sözü üzə deyən, cəsur və qorxmaz insanlardır. Çeşidli və özünəməxsus mətbəxləri var. Xörəklərinin çoxu Qarabağla eynilik təşkil edir. Bu adamlar pulu hara gəldi səpmirlər, onlar nəyə nə qədər zaman ayırmağı, nəyi nə vaxt etməyi də gözəl bilirlər. Bu da insanlıq üçün xilas mənbələrindən biridir. Buranın adamları tariximizi yaxşı bilir, bölgələrimizi yaxından tanıyırlar. Ən maraqlısı odur ki, naxçıvanlılar elə bir adam yoxdur ki, ona lətifə qoşmasınlar – siyasi çəkisindən, ictimai nüfuzundan asılı olmayaraq.

Naxçıvanın əsas hissəsində geniş və yüksək səviyyəli İpək Yolu çəkilib. Bu yol Sədərək gömrüyünə qədər uzanır. Yolun çınqıllı ətrafına saysız-hesabsız ağac əkilib. Çox yer artıq yaşıllaşmaq üzrədir. Yerli sakinlərdən əksəriyyəti deyir ki, Sovet hakimiyyətinin 70 ildə edə bilmədiyini Vasif Talıbov son 7 ildə Naxçıvan üçün edib. Bəziləri hətta onun hakimiyyətdən gedəcəyi təqdirdə başqasının bu işləri yarımçıq saxlayacağından ehtiyat edirlər.

İndi də keçək tarixi abidələrə. Şəhərin mərkəzində olduğu üçün ilk öncə hamınıza yaxşı məlum olan Möminə Xatun türbəsini ziyarət etdik. Bərdədəki Nüşabə türbəsinə çox bənzərliyi olsa da, bu tikili yaxşı təmir olunmuş, yenidən qurulmuşdu. Türbənin yerləşdiyi park da füsunkar idi. Burada həm meşə, həm də meyvə ağacları bol idi. Naxçıvanlıların da qarabağlılar kimi gilənar adlandırdıqları albalı ağaclarının üstü qıpqırmızı idi. Qadağa olmadığı üçün ziyarətçi dəstəmiz bu meyvədən xeyli daddı. Parkın müxtəlif yerlərinə 30-a yaxın qoç-daş qoyulmuşdu ki, bu da daha gözəl mənzərə yaradırdı. Türbədən bir qədər aralıda – qədim xan sarayının önündən uzanan xiyabandan Naxçıvanın böyük bir hissəsi ovuc içi kimi aydın görünürdü. Amma saat 17 olmasına baxmayaraq Möminə Xatun türbəsi və yaxınlıqdakı “Pirəli və Miryaqub piri” bağlı idi. Bu səbəbdən içəri keçə bilmədik.

Sonra “Qızlar bulağı” deyilən mənzərəli bir yerdə olduq. Burulmuş pilləkənlərlə aşağı enib süni düzəldilmiş su mənbəyinə yetişdik. Körpüsayaq tikintinin altından, mamır bağlamış hissələrdən buz kimi su damırdı (O yerə “Damcılı” da deyirlər – S.R.). Bura gənc qız və oğlanlarla dolu idi. Yuxarıda hovuz kimi yer düzəldilmişdi ki, ətrafında restoran masaları düzülmüşdü. Gələnlər yerli dondurma, şirə və çay içirdilər. Hovuzda iki nəfərlik pedallı qayıqlardan isə daha çox gənclər istifadə edirdilər. Bu məkanda qiymətlər çox baha, xidmət aşağı səviyyədə idi...

Gəlişimizin ikinci günü adını ancaq televiziyadan eşitdiyim Duz dağına səfər etdik. Yaşayış məskəni olmasa da, burada füsunkar otel, yaşıllıq və təzə çəkilmiş yol vardı. Hava adamı dəli edəcək qədər isti idi, hərarət 45 dərəcəyə qalxmışdı. Sinoptiklərin proqnozundan fərqli olaraq getdiyimiz maşının hərarət göstəricisi bizə dəqiq informasiya verirdi. Əlimdəki fotoaparat da bu fakta şahidlik etdi.

Duz dağının altında qurulmuş müalicəvi məkana çatıb, içəri daxil olduq. Bayırdakı od-alovun əksinə olaraq bu məkan çox soyuq idi, bəlkə də hərarət müsbət 10-15 dərəcədən çox deyildi. İçəri girəndə uzun və zəif işıqlandırılmış bir tunel gördük. Uzunluğu 180 metr olan bu qəribə yerdən yod və duz qoxusu gəlirdi, adamın boğazı acışırdı. Tunelin lap sonuna qədər getdik. Bələdçimiz olan cavan bir oğlan bizə çox maraqlı və təfsilatlı məlumatlar verdi. Tunelin sonunda qadın-uşaq və kişi palataları vardı. Öyrəndik ki, astma-bronxit və allergiya xəstələri üçün bura əvəzsiz müalicə məkanıdır. Bələdçimiz bildirdi ki, Azərbaycan əhalisi üçün burada müalicə pulsuzdur. İran, Türkiyə, Avropa, hətta Amerikadan da gələnlərin olduğunu eşitdik. Onu da öyrəndik ki, bu yerə daha çox Bakıdan astmalı uşaqlar gətirilir. Təəssüf ki, “Duzlaq” müalicə mərkəzi lazımi qədər reklam olunmayıb. Bəlkə də ölkəmizdə bu yer haqqında eşidənlər 2-3 faizdən artıq deyil. Müalicə mərkəzi muzey-mağaraya da bənzəyirdi. Bəzi xəstələr asudə vaxtlarında duz divarlarında naxışlar, müxtəlif heyvan təsvirləri yaratmışdılar. Bələdçimiz duz mədəninin başqa istiqamətdə olduğunu və həmin mədənin 20 km-ə yaxın yerin altına uzandığını söylədi.

Bayıra çıxanda sanki bizi soyuducudan təndirə atdılar. Özümüzü cəld maşına çatdırıb kondisioneri işə saldıq və üz tutduq kosmik bucağın xüsusi dərəcəsində yerləşən, çoxlarının hələ də dərk etmədiyi Batabat meşəsinə. Sərt qayaların arasından, iti çayların üstündən adladıq, Şahbuz rayonunun mərkəzindən keçdik, nəhayət, getdikcə yaşıllaşan bir zolağa qədəm qoyduq. Yadımdan çıxmamış deyim ki, Şahbuz ərazisində heç vaxt görmədiyim bir ağac növü ilə rastlaşdım. Nalbənd adlandırılan bu ağacın altı Günəşin hərəkətindən asılı olmayaraq həmişə kölgəli qalır və çox sərinlik verir.

Dolanbacdan ötüşdükcə yaşıllıq artır, ağaclar getdikcə hündürləşir, hərarət 20-yə enirdi. Gülün, çiçəyin qoxusu ətrafa müşk-ənbər kimi yayılırdı. Nəhayət, gəlib çatdıq Zorbulaq deyilən məntəqəyə. Yerdən buz kimi bulaq qaynayırdı, onun suyunda cəmi 40 saniyə əl saxlamaq olmurdu. Ermənistan mövqeləri ilə üzbəüz olan bu məkanda xeyli insan vardı. Hətta hiss olunurdu ki, bəziləri gecəni də burada keçiriblər. Təəssüf ki, Naxçıvanda ilk və son səliqəsizliyi məhz burada gördüm. Göz yaşı kimi dupduru gölə qarpız-yemiş qabığı, digər zir-zibil tökmüşdülər. O cür gözəlliyə belə xələl gətirilməsi adamı məyus edirdi. Bu ərazidə bir neçə göl gördük, hətta onlardan birində “üzən ada” adlandırılan torpaq sahəsi də vardı. Deyilənə görə bu sahə tez-tez gölün ən müxtəlif hissələrində peyda olur.

Xeyli istirahət edib geri döndük. Qayıdanbaş yolun sağında yerləşən rəsədxanaya da döndük. Təəssüf ki, bazar günü olduğundan elmi işçilərin heç biri orada yox idi. Gözətçi isə işığın yanmaması səbəbindən bizə xidmət göstərə bilməyəcəyini söylədi. Yadımdan çıxmamış deyim ki, Naxçıvanda az qala bütün tikili obyektlərin içərisində çəkilişə icazə verilmir. Amma biz də peşəkarlıqdan uzaq deyilik, maraqlı məqam və görüntüləri əbədiləşdirməyə fürsət tapırıq. Şəhərə qayıtdıqca sanki lent geri fırlanırdı: dağlar keçəlləşir, çaylar azalır, otlar qumsallıq olur, hərarət isə 40-a yaxınlaşırdı. Axşam olduğundan və evdə maraqlı bir şey olmayacağından hamımız “Uşaq parkı” deyilən istirahət məkanına gəldik. Naxçıvanda olduğum bu neçə gündə ilk dəfə idi ki, bu qədər insanı bir yerdə görürdüm. Ərazi sanki Bakı bulvarının kiçildilmiş modeli idi. Yellənçək və digər əyləncə növləri Bakıdan ucuz olsa da, işıqlar çox zəif idi, 3-4 metrdən o tərəfə göz gözü görmürdü. Bəxtimizdən sərin külək başladı və yol yorğunu olduğumuz üçün evə qayıtmalı olduq.

Ertəsi gün Muxtar Respublikanın tamam başqa bir səmtinə - İlanlı dağın ətəyinə getməyə qərar verdik. Bu yerlər də maraqli idi. Naxçıvanın simvolu kimi tanıdığımız bu dağ massivi qəribə və qeyri-adi quruluşa malikdir. Nuhun gəmisinin məhz bu dağa ilişdiyi inancı hələ də mövcuddur. Xanağa və Əlincə kəndlərində qonaq qismində iştirak etdik. Gözəl mənzərələr adamı heyran edirdi. Bu yerlərin bağ-bağatı da füsunkar idi: albalı, ərik, gilas, alma və digər meyvələr az qala yarpaqları görünməz edirdi. İlanlı dağın bir tərəfində ulu və müqəddəs, amma mahiyyəti hələ tam açılmayan Əlincə qalası, digər tərəfində gördüyüm zaman göz yaşımı içimə axıdan Fəzlullah Nəiminin məqbərəsi, başqa bir tərəfində isə sirlərlə dolu “naməlum” dağlar durmuşdu. Bu dağların əhatəsində insan necə qürurlu, coşqun və mərd olmaya bilər?! Təxminən üç saat olduğumuz bu ərazidə adama elə bir enerji gəlirdi ki, sanki keçmişə qayıdırdın. Elə bu ovqatla da dağları tərk edib yenidən görüşmək ümidi ilə Naxçıvan şəhərinə qayıtdıq.

...Budur, səhərə az qalıb, amma hələ də yatmamışam. Aldığım enerji ürək döyüntülərimi, hiss və duyğularımı riqqətə gətirib. Həm də bugünkü səfərimin həyacanını yaşayıram. Axı ilk dəfə olaraq Türkiyəyə gedəcəyəm. İllər boyu istədiyin arzuya yetişmək məqamında bu hallardan başqa nə edə bilərsən ki?!
Bəli, artıq sübh namazının vaxtıdır. Azan oxunmasa da, saata nəzərən bunu bilirik. Durum hazırlaşım. Təxminən iki saatdan sonra Sədərək gömrüyündə olmalıyam. Sənədlərim qaydasında olduğundan güman edirəm ki, Azərbaycanla Türkiyəni ayıran bu rəsmi sərhəddə hansısa problem çıxmayacaq, inşallah!
Mən getdim...

Səbuhi RƏHİMLİ