“Narkomaniyaya qarşı mübarizə” seminarı - Foto

narkomaniyaya-qarsi-mubarize-seminari
Oxunma sayı: 1856

Azərbaycan Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsi Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi ilə birgə Bakı Ali Neft Məktəbində (BANM) “Narkomaniyaya qarşı mübarizə” adlı seminar keçirib.

Qafqazinfo” xəbər verir ki, seminarda DİN Xətai RPİ-nin rəisi, polis polkovniki Muradəli Babayev, Xətai RPİ-nin şəxsi heyət üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı İdris Məhərrəmov, Xətai RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin rəisi, polis mayoru Zaur Məhərrəmov, veteran polislər Nazim Xıdırov, Kamal İmamverdiyev, Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Afət Məmmədova və QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova, BANM-in Ümumi işlər üzrə prorektoru Rəşad Həsənov, professor-muəllim heyəti və tələbələri iştirak ediblər.

Tədbiri açan BANM-in Ümumi işlər üzrə prorektoru Rəşad Həsənov qonaqları salamlayaraq onları Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edib. R.Həsənov seminarın keçirilməsinin əhəmiyyətindən və dövlətin narkomaniyaya qarşı mübarizə sahəsində apardığı işlərdən söz açıb.

Muradəli Babayev belə məqsədyönlü və maarifləndirici tədbirin keçirilməsi üçün imkan yaratdığına görə BANM-in rəhbərliyinə təşəkkürünü bildirib və bu ali təhsil ocağında intellektual gənclər üçün yüksək səviyyədə yaradılan şəraitdən razılıq ifadə edib.

Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Afət Məmmədova və QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova öz çıxışlarında BANM-də tələbələrə verilən yüksək dəyərə, onların yüksək ixtisaslı və sağlam mütəxəssis kimi yetişmələri üçün yaradılan şəraitə görə BANM-in rəhbərliyinə təşəkkürünü bildiriblər. Həkimlər narkomaniya xəstəliyi, simptomları, narkotik vasitələr, onların insan həyatına və cəmiyyətə təsiri, narkotik vasitələrdən asılılığın ağır nəticələri, sağlamlığa vurduğu zərərləri, bu xəstəliyə qarşı görülən profilaktik tədbirlər, yeni müalicə üsulları və ölkədə bu sahədə qəbul olunmuş qanunvericilik barədə geniş məlumat veriblər.

Təlimçilər tələbələri narkomaniya xəstəliyindən uzaq olmağa və aparılan maarifləndirmə işlərində yaxından iştirak etməyini səsləyiblər. Onları Azərbaycanın sosial yüksəlişi, parlaq gələcəyi naminə gənc nəslin nümayəndəsi olaraq sağlamlıqlarını qorumağa və pis vərdişlərdən uzaq olmağa çağırıblar.

Seminar sual-cavab sessiyası ilə yekunlaşıb.