​MTRŞ ilə ANS-in məhkəməsində mübahisə düşdü

mtrs-ile-ans-in-mehkemesinde-mubahise-dusdu
Oxunma sayı: 1310

Bu gün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS Müstəqil Yayım və Media Şirkətinə qarşı qaldırdığı iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

“Qafqazinfo” report-a istinadən xəbər verir ki, hakim Vüsalə Baxışovanın sədrliyi ilə keçirilən iclasda ANS-in nümayəndəsi Muxtar Mustafayev çıxış edib. O bildirib ki, ANS TV çəkdiyi "Abşeron" adlı televiziya serialını 5 noyabr 2015-ci il tarixində MTRŞ-ya təqdim edib.

MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov isə ANS TV-nin Şuraya başqa adda bir televiziya serialı təqdim etdiyini bildirib:

"ANS TV-yə 160 min manat vəsait 1 800 dəqiqə davam edəcək "Abşeron" adlı serialın çəkilməsi üçün ayrılıb. Lakin ANS TV saxtakarlıq edərək MTRŞ-ya "Sevgi naminə" adlı serial təqdim edib".
Prosesdə tərəflər arasında mübahisə düşüb.


ANS-in nümayəndəsi məhkəmədən vaxt istəyib. Növbəti proses dekabrın 9-na təyin edilib.

Qeyd edək ki, MTRŞ televiziya kanalından serial çəkilişi üçün ayrılan 160 min manat vəsaitin, həmçinin 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edir.