MTRŞ “Hesabat”la bağlı qərarı dəyişdi - Qadağa ləğv olundu

mtrs-hesabatla-bagli-qerari-deyisdi
Oxunma sayı: 8027

Hazırda Milli Televiziya və Radio Şurasında ANS tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı mətbuat konfransı keçirilir.

"Qafqazinfo"nun tədbirdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, qurumun sədri Nuşirəvan Məhərrəmli bildirib ki, tədbirdə telekanalların 2015-ci ilə dair hesabatı açıqlanacaq, eyni zamanda dünən şuranın ANS telekanalının "Hesabat" verilişinə qoyulan qadağaya aydınlıq gətiriləcək:

“ANS-lə bağlı MTRŞ-nin verdiyi bütün qərarlar qanuna əsaslanıb. ANS də daxil olmaqla digər kanallarda da pozuntular minimuma endirilib. Amma Azərbaycan efirində hələ görüləsi çox işlər var.

ANS kanalı ilə bağlı verdiyimiz qərardan sonra bizə qarşı olan qərəzli iddiaları qətiyyətlə rədd edirik. Teleseriallarla bağlı prezident tərəfindən ayrılan puldan ANS-ə 1 milyon 760 min, LİDER TV-yə 1 milyon 800 min pul köçürülüb.

Ayrılan pulların xərclənməsi ilə bağlı biz ANS və İTV-yə qarşı məhkəməyə müraciət etmişik. ANS-ə bildirilmişdi ki, serial başa çatdıqdan sonra pulun 40 faizi ödəniləcəkdi. Bu pul ANS-ə ona görə veriləcəkdi ki, onlar "Abşeron" serialı çəkməli idilər. Lakin sonda bizə təqdim etdikləri serialın adını dəyişib "Sevgi" qoymuşdular və məzmun sevgi haqda idi. Biz də bunu qəbul etmədik. Çünki müqavilə şərti pozulmuşdu. ANS-ə 1 milyon 760 min manat pul ayrıldı. Amma hansı seriallar çəkildi? "Xoca" 2 seriadan ibarət idi, "Ağabəyovlar" serialına görə ANS-ə dəfələrlə xəbərdarlıq olunub. O serialda nalayiq ifadələr işlənirdi. Əxlaqsız ifadələr qanun pozuntusudur və bu gün sözügedən ifadələrdən hələ də telekanalda istifadə olunur”.

***

N. Məhərrəmli bildirib ki, "Hesabat"a qoyulan qadağa aradan götürülüb: "Mirşahin Ağayevin səhhətini, kanal rəhbərliyinin etiraflarını və həssas dönəmi nəzərə alıb dünən verdiyimiz qərarı bu gün geri götürdük".

***

Sədr həmçinin qeyd edib ki, MTRŞ kanallarda baş  verən prosesləri izləyir və hansısa kanalda Cizgi filmlərinin çəkilməməsi qurumun deyil, televiziyanın onların daxili işidir:

"Bu işdə dövlət, müvafiq qurumlar iş görməlidir və bu sahəyə pul ayrılmalıdır. Pul bizə yox, Mədəniyyət və Turizm Nazirliyinə ayrılsın, onların kinomatoqrafları cizgi filmləri çəksinlər".

***

Nuşirəvan Məhərrəmli bildirib ki, "Hesabat" verilişi barədə verilən qadağa qərarı ləğv olunmayıb, öz hüquqi qüvvəsini saxlayır: "Sadəcə qərarın icrası müvəqqəti dayandırılıb, bir müddət sonra qərarın icrasının bərpa olunub-olunmayacağı barədə Milli Televiziya və Radio Şurası qərar verəcək".

Xatırladaq ki, MTRŞ dünən ANS-in "Hesabat" proqramının yayımının 1 ay müddətində dayandırılması barədə qərar qəbul etmişdi.

 Murad Əhməd