Dəyanət nəyəsə meyilli olub

deyanet-neyese-meyilli-olub
Oxunma sayı: 4323

Azər Qismət

Bu gün psixoloq intihar etdi. Çoxları psixoloqun özünün intiharını ironiya ilə qarşıladı. Necə ola bilər ki, ölüm ayağında olanlar psixoloqun yanına ümid işığına gəlir, o isə özünü öldürür. Deməli, intihar psixoloqa baxmır. Qığılcım gələndə başının üstünü alır. Və hətta yazanlar oldu ki, “Dəyanət nə vaxtdan psixoloq olub”.

Ölənin arxasınca ya yaxşı danışarlar, ya heç nə danışmazlar. Pis danışmaq niyyətim yoxdur. Bircə onu deyim ki, Dəyanət son vaxtlar çox dəyişmişdi. Bəzi statuslarında həyatdan bezdiyini, yaşamağa nifrət etdiyini yazırdı. Son vaxtlar isə hər hansı heyvanı öldürənləri qınayır, hətta söyürdü də. Bir sözlə bu insanın özündə psixoloji depressiya halı yaşanırdı.

Əvvəlcə güman etmək olardı ki, psixoloqun ölümünü təşkil ediblər və kəmərlə boğaraq öldürüblər. Ölümdən əvvəl məktub da yazdırıblar ki, intiharında heç kimi günahkar bilmir. Bu ehtimal var idi. Çünki dünyanın müxtəlif ölkələrində müştərilərin psixoloqu qətlə yetirmələri barədə minlərlə faktlar mövcuddur. Digər ehtimal ondan ibarət oldu ki, psixoloq ailəsindən ayrılıb və buna dözə bilməyib. Çoxsaylı faktlar mövcuddur ki, hər kişi ailəsindən ayrılığa dözmür. Bu da ehtimallar sırasındadır. Hətta ona yaxınlardan birinin sözlərinə görə Dəyanət evi satıb köçmək istəyirmiş. Tam başqa variant ondan ibarətdir ki, psixoloqun nəyəsə meyilliyi varmış. Həmin mövzuda daxili hissləri ilə daim mübarizə aparırmış. Hər halda bu təsdiq olunmayan və söz-söhbətdən savayı bir şey deyil.

Son vaxtlar Dəyanət Rzayevin yazdıqlarını oxuyanda görmək olar ki, psixoloqun özünün daxili problemi var imiş. O ki qaldı intiharına ironiya ilə yanaşılmasına, bu səhv fikirdir. Çünki hər gün onun yanına onlarla pasiyent gəlirdi. Hər birinin ailəsində, gündəlik həyatında problemi olan insanlar. Əksəriyyətinin də beyni pozulanlar, aqressyası ilə hamını yoluxduranlar. Psixoloq neqativ fikirləri hər gün beyninə yükləyir və özü də dəli olmaq dərəcəsinə gəlir. Çox az sayda insan özündə güc tapıb neqativ çalarları canından təmizləməyi bacarır.

Dəyanət pulsuzluqdan şikayətlənirdi. Halbuki onun kifayət qədər müştərisi vardı və saata görə pullarını da ödəyirdilər. Yəni, ikinci psixoloq Dəyanət idi ki, kifayət qədər gəlirlə işləyirdi. İndi o başqa məsələdir ki, onun dedikləri müştərilərin problemlərinə yardım edirdi, ya yox. Mən Dəyanətin fikirləri ilə heç vaxt razılaşmamışam. Onun dedikləri ilə cəmiyyətdə baş verənlər uyğunluq təşkil etmirdi. Xəstəyə deyirdi “ adamlara laqeyd yanaş”, xəstə baxıb görürdü ki, ümid yeri bildiyi insan ona vecsizliyi təlqin edir.

Bir psixoloqun intiharından heç kim hansısa məqsəd üçün istifadə etməsin. Hər şeydən əvvəl o insan idi. Özünün hansısa problemləri içində boğulan insan...