“Məzunların sayı artıb”

mezunlarin-sayi-artib
Oxunma sayı: 813

“Bölgələrdəki diaqnostik qiymətləndirmə nəticəsində bir il müddətində ölkə üzrə məktəb müəllimlərinin 40 faizinin əməkhaqqında əhəmiyyətli artım təmin olunacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən iclasında çıxış edərkən deyib. Nazir bildirib ki, cari ilin sonunadək ölkənin 3 şəhər və 9 rayonunda daha 30 min müəllimin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək: “2016-cı ilin yanvarından diaqnostik qiymətləndirilmədən keçən həmin müəllimlərin əməkhaqlarının artırılması planlaşdırılır. Beləliklə, bir il müddətində ölkə üzrə məktəb müəllimlərin 40 faizinin əməkhaqqında əhəmiyyətli artım təmin olunacaq”. M. Cabbarov çıxışında onu da vurğulayıb ki, ötən illərlə müqayisədə imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunların sayı 14 faiz artıb: “Son 3 ildə icbari təhsilin keyfiyyəti davamlı olaraq yaxşılaşır. 2012-ci illə müqayisədə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunların sayı 50 faizdən 64 faizədək artıb. Təhsilin keyfiyyətini yüksəltmək, şagirdlərə seçdikləri ixtisas istiqamətləri üzrə daha yaxşı hazırlaşmaq imkanı yaratmaq məqsədilə ölkənin pilot olaraq seçilmiş 58 məktəbində 10-cu siniflərdə 4 istiqamət üzrə 176 təmayül sinfi açılıb. Həmin məktəblərdə ixtisas seçimini etmiş şagirdlərə qeyri-profilli fənlərin dərs saatlarının azalması hesabına seçdikləri istiqamət üzrə daha dərin biliklər verilir”.

Günel Hacı