Metronun ətrafındakı tıxac xaosuna son - Fotolar

metronun-etrafindaki-tixac-xaosuna-son
Oxunma sayı: 6786

Yəqin ki, bir dəfə də olsa, “Koroğlu” metrostansiyası ətrafındakı dayanacaqlardan istifadə etmisiniz. Sıxlıq, avtobusların yaratdığı xaos insanların hərəkətini, avtobuslara minib-düşməyi xeyli çətinləşdirirdi. Bundan başqa, "Koroğlu” metrostansiyası ətrafında avtobusların qoşa xətti keçərək Ziya Bünyadov prospektindən Qara Qarayev prospektinə gedən yolötürücüsünün üzərindən hərəkət etmələri həmin istiqamətdə nəqliyyatın hərəkətində səhər və axşam pik saatlarında uzun sürən tıxacla müşayiət olunurdu.

Xəbər verdiyimiz kimi, bütün bu halların qarşısını almaq üçün Bakı Nəqliyyat Agentliyi ərazidə yeni Nəqliyyat Mübadilə Mərkəzi yaradıb. “Qafqazinfo”nun əməkdaşları da hazırki vəziyyətlə yaxından tanış olmaq üçün yeni yaradılan Mərkəzdə olub. Həm metronun çıxışında, həm də Mübadilə Mərkəzinin qarşısında informasiya lövhələri qoyulub. Sərnişinlər həmin lövhələrə baxmaqla asan bir şəkildə hansı avtobusun harada dayandığını öyrənə bilərlər. 

Yeni yaranmış sistem sərnişinlərin hərəkətini çox asanlaşdırıb. Bunu biz yox, hər gün 160 nömrəli marşrutdan istifadə edən Bakı sakini Firuzə xanım deyir:

“Əvvəl avtobuslar çox qarışıq hərəkət edirdi, hansının gəldiyi, hansının getdiyi məlum olmurdu. Neçə dəfə insanları maşın vurub. Taksi sürücüləri ilə avtobus sürücüləri arasında lazımsız dialoqlara şahid olurduq. İndi metrodan çıxıram, düz gəlib otururam avtobusda”.

Marşrutların əvvəlki dayanacaqlarında isə əvvəlki xaos vəziyyəti və siqnal səslərindən əsər-əlamət yoxdur. Sadəcə, yeni yaradılan sistemdən xəbərsiz olan sərnişinlər gözə dəyir. “Yarım saatdır burada 1 nömrəli marşrutu gözləyirəm” deyən sərnişinlər dayanacağın dəyişdirildiyini öyrəndikdə Mübadiə Mərkəzinə tərəf tələsdilər.
Yeni yaradılan Mərkəzdə hazırda və gələcəkdə kart sitemi ilə işləyən marşrutlar üçün ayrıca “A” terminalı nəzərdə tutulub. Sərnişinlər terminala daxil olan zaman ödənişi turniketlər vasitəsilə etdiyi üçün avtobuslarda əlavə ödənişə ehtiyac qalmır. Hazırda həmin terminalda yalnız “Bakubus”a məxsus 1 nömrəli avtobuslar fəaliyyət göstərsə də, gələcəkdə kart sisteminə keçən bütün marşrutlardan istifadə bu qaydada olacaq.

Sərnişinlər, eləcə də biz ödənişi turniketdə etdiyimiz halda avtobusa minəndə yenidən kartımızı vurmaq istədik. Sürücünün dediyinə görə, hələ təzə sistem olduğu üçün bu hal tez-tez baş verir:

“Avtobusa minən hər sərnişin avtomatik olaraq kartı vurmaq istəyir. Deyirəm, bir dəfə ödəniş etmisiz, keçin əyləşin”.

Qeyd edək ki, yaxın vaxtlarda paytaxt ərazisində daha 3-4 Nəqliyyat Mübadilə Mərkəzinin yaradılması nəzərdə tutulur.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyi ötən ilin dekabr ayında ölkə başçısının fərmanı ilə yaradılıb. Agentliyə Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsinə aid normativ hüquqi aktların müddəalarına riayət edilməsinə nəzarətin həyata keçirilməsi, habelə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması üçün tədbirlərin görülməsi tapşırılıb.

Günel Hacı

Fotolar: Nuran Məmmədov