Məşhur qəzetin əməkdaşları ixtisar olundu - Yenilənib

meshur-qezetin-emekdaslari-ixtisar-olundu
Oxunma sayı: 7495

Azərbaycanda fəaliyyət göstərən qəzetlərdən birinin kollektivi buraxılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Həftə içi” qəzetinin bir qrup əməkdaşı maliyyə problemlərinə görə işdən çıxarılıb.

Qəzetin də, onun tərkibində olan hafta.az saytının da redaktorları daxil olmaqla,  müxbirləri kollektivdən uzaqlaşdırılıb.

Hazırda “Həftə içi” qəzeti 1 redaktor, hafta.az saytı isə 1 adminlə fəaliyyət göstərir. Media orqanının tamamilə bağlanacağı barədə məlumatlar da yayılıb.

Qəzetin əməkdaşları - Vüsal Tağıbəyli, Qələndər Muxtarlı, Təbriz Vəfalı, Sevinc Osmanlı, hafta.az saytının redaktoru Səbinə Əvəzqızı, müxbirlər – Tural Turan və Xəyal Əzizov işdən çıxarılıb.

Onların əksəriyyəti hələ də işsizdirlər. Saytın redaktoru Səbinə Əvəzqızı isə hazırda lent.az saytında fəaliyyətini davam etdirir.

***

“Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova “Qafqazinfo”ya açıqlamasında hazırda işdə olduğunu bildirib. Baş redaktor qeyd edib ki, məlum maliyyə problemləri ilə əlaqədar qəzetdə ixtisarlar ola bilər, lakin bu, qəzetin tam bağlanması anlamına gəlmir: “Problem təkcə bizə aid deyil, bütün çap mediası hazırda bu vəziyyətdədir. Adları çəkilən uşaqların çoxu isə iş başındadır”.

Onun sözlərinə görə, qəzet 4 səhifəlik də olsa, fəaliyyətini davam etdirir: ““Həftə içi”nin bağlanacağı ilə bağlı yayılan məlumatlar doğru deyil”.

***

Məsələ ilə bağlı “Həftə içi” qəzetinin təsisiçisi və baş redaktoru Sevinc Seyidova bəyanat da yayıb. “Qafqazinfo”ya daxil olan bəyanatda bildirilir ki, çap xərclərinin artması ilə bağlı mətbuat orqanının səhifələri müvəqqəti olaraq azaldılıb: “Xüsusi olaraq vurğulamaq istərdim ki, bu vasitəyə tək «Həftə içi» qəzeti yox, ölkənin bir sıra tanınmış gündəlik mətbuat orqanları da əl atıblar. Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da manatın devalvasiyasından sonra Milli Məclisdə mətbuatın üzləşdiyi problemlərdən söz açıb. O da bildirib ki, ölkəyə gətirilən qəzet kağızına, hazır çap məhsullarına tətbiq edilən ƏDV-nin ləğv edilməsi labüddür. Devalvasiyadan sonra qəzet kağızının qiyməti 100 faiz, çap xərcləri isə 50 faiz artıb”. 

Baş redaktor bildirib ki, işdən çıxarıldığı bildirilən əməkdaşlardan Vüsal Tağıbəyli, Sevinc Osmanova, Qələndər Xaçınçaylı bu gün də redaksiyadadırlar və öz fəaliyyətlərini davam etdirirlər: “Digər əməkdaşımız Tural Turan isə səhhətində yaranmış problemlərlə bağlı bir aylıq müalicə üçün icazə alıb. Yalnız bir-iki əməkdaşımızın fəaliyyətinə son qoyulub ki, bu da qəzetin və saytın normal rejimdə fəaliyyət göstərməsinə heç bir təsir göstərməyib”.