Meşə yanğınlarında “təbiətsevərlər” günahkardır - Fotolar

mese-yanginlarinda-tebietseverler-gunahkardir
Oxunma sayı: 942

Oğuz rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Xaçmaz meşəbəyliyinin 7 saylı dolayında baş vermiş yanğın söndürülüb.

"Qafqazinfo" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarının səyləri nəticəsində, çətin şəraitdə əl əməyindən və texnikadan istifadə edilməklə həyata keçirilən intensiv tədbirlər nəticəsində yanğın gecə saatlarında söndürülüb. Hazırda yanğın baş vermiş ərazidə közərtilərin tam olaraq söndürülməsi üçün profilaktik tədbirlər həyata keçirilir.

Yanğının baş vermə səbəbləri və dəymiş ziyan hesablanır.

Mütəxəssislərin apardığı təhlillər və monitorinqlər göstərir ki, baş verən yanğın hadisələrinin çox böyük əksəriyyəti insanların odla ehtiyatsız davranışı, taxıl biçininin yekunlaşmasından sonra biçənəklərə od vuran fermerlərin etinasızlığından, həmçinin son vaxtlar dırnaqarası təbiətsevərlər, təbiət dostları adı ilə meşələrdə “dincələn”, müəyyən vəsait müqabilində turlar təşkil edən, lakin təbiətə münasibətdə adi normalara əməl etməyən primitiv düşüncəli bir qrup şəxsin lovğa və özündənrazı hərəkətlərindən irəli gəlir.

Belələri özlərini avropasayağı istirahət edənlər qisminə aid etsələr də təəssüf ki, dünyagörüşləri və düşüncə tərzləri özlərindən sonra meşələrdə qoyduqları zibilliklər, ifunət iyi, ocaq yerləri onu deməyə əsas verir ki, bu dırnaqarası təbiətsevərlər Azərbaycan meşələrinin zibilləndirilməsində və yanğınların törədilməsində bilavasitə günahkardılar. Bu cür şəxslər və qruplara qarşı qanunun gücündən istifadə olunaraq yeni qaydalar hazırlanıb və qısa zamanda onların cəzalandırılması üçün istifadə ediləcək.

Təssüf hissi ilə bildiririk ki, təbiətdə olarkən yanğın təhlükəsizliyi qaydalarına əməl etməyən vətəndaşlar yarana biləcək fəsadları hesablamırlar. Nəzərə almırlar ki, belə məsuliyyətsiz addımlar nəticəsində hektarlarla meşə örtüyü məhv ola, ölkənin meşə fondu ani vaxt içərisində yanıb kül olmaq təhlükəsi ilə üzləşə bilər.