Mənim pensiyam neçə manat olacaq?

menim-pensiyam-nece-manat-olacaq
Oxunma sayı: 7422

Dünya Sakit

Milli Məclis pensiya sistemində əhalinin çox geniş təbəqələrinin sosial təminatında mühüm dəyişikliklərə səbəb olacaq dəyişiklikləri qəbul etdi...

Bu o deməkdir ki, 2017-2021-ci illərdə kişilərin, 2017-2027-ci illərdə isə qadınların pensiya yaşı hər il 6 ay olmaqla artırılıb 65-ə çatdırılacaq. Kimsə işləyə-işləyə bu yaşa çata biləcəksə, həmən pensiya almaq hüququ əldə edə bilməyəcək. Bu, asılı olacaq onun Pensiya Fondunda toplanan pensiya kapitalının məbləğindən. İşlədiyi dövrdə Fonda onun üçün ödənilən sosial sığorta haqqının 85 faizini təşkil edəcək bu kapitalı böləcəklər 144 aya – yəni 12 ilə. Əgər alınan məbləğ indi 110 manat olan minimum pensiya məbləğindən az olacaqsa, adam pensiya ala bilməyəcək. Məcbur olacaq ki, işləməyə davam etsin ki, minimum pensiyanı ala bilsin.

Yəni 65 yaş o adamlar üçündür ki, yüksək maaş və qanuni əmək müqaviləsi ilə işləyib, özünə yaxşı pensiya kapitalı yığa biləcək. Kimki əmək müqaviləsi olmadan(hazırda belələri on minlərlədir) işləyir, yaxud aldığı əmək haqqının cüzi bir hissəsi rəsmiləşdirilir, onlar elə ölənəcən işləməli olacaqlar…

Dəyişikliklərin ən maraqlı tərəfi budur ki, pensiyaya çıxmaq hüququ verən minimum pensiya məbləği hər il inflyasiya səviyyəsinə uyğun olaraq indeksləşdiriləcək – yəni artırılacaq. Bu il 110 manatdırsa, gələn il azı 5-6 manat artacaq… Yəni bu proses rəsmi elan olunan inflyasiya səviyyəsinə uyğun gedəcək.

Bu o deməkdir ki, indi mənim 42 yaşım varsa, 65 yaşa çatanadək olan dövrdə - 23 ildə minimum pensiya məbləği artıb 300-500 manata çata bilər. Bu halda mənin Pensiya Fondundakı sosial kapitalımı 144 aya böldükdə alınan məbləğ həmin 300-500 manatdan yuxarı olmalıdır ki, pensiyaya çıxa bilim…

Bir vətəndaş olaraq mənim üçün dəyişiklikləri qəbul etmək rahat olardı o zaman ki, onu hazırlayanlar öz hesablamalarını, proqnozlarını açıqlayar, arqumentlərini ortaya qoyardılar.

Deyərdilər ki, bu islahat nəticəsində heç olmasa yaxın 10 ildə pensiya yaşına çatan nə qədər sayda insan minimum pensiya məbləğini, nə qədər 2 qatını, nə qədər 5 qatını ala biləcək, nə qədərsə 65 yaşdan sonra da işləməyə davam etməli olacaq.

Deyərdilər ki, bu islahat nəticəsində dövlət nə qazanacaq, islahatların davamı olaraq hansı addımlar atılacaq ki, gələcəkdə şərtləri bir qədər yumşaltmaq mümkün olsun, yaxud insanların mümkün qədər çox hissəsi 65 yaşda pensiyaya çıxa bilsin…

Qeyd edim ki, bundan əvvəl pensiya siyasətindəki dəyişikliklər kifayət qədər geniş şəkildə müzakirə olunmuşdu – islahat layihəsi əvvəlcədən açıqlanmışdı, rəylər alınmışdı. Təəssüflər olsun ki, bu dəfə bunların heç birini görmədik: Milli Məclisə göndərilən layihənin özünü belə plenar iclasa qədər detalları ilə açıqlamadılar. Ara-sıra verilən açıqlamalar yalnız dəyişikliklərin cüzi olan müsbət tərəflərini sadalamaqdan uzağa getmədi…

Mən isə Avropa Komissiyasının hesablamalarına baxıram. Komissiyanın həmin hesablamalar əsasında tərtib etdiyi proqnozlara görə, 2060-cı ilədək Avropa Birliyi əhalisinin sayı cəmi 3 faiz artaraq indiki 507 milyon nəfərdən 523 milyon nəfərə çatacaq. Bu zaman Şərqi Avropanın Macarıstan, Polşa, Rumıniya, Sloveniya, Slovakiya, Bolqarıstan və Baltikyanı dövlətlərdə əhali sayının azalması baş verəcək.

Avropanın kişi əhalisinin orta ömrü indiki 77,6 yaşdan 84 yaşa, qadınlarınkı isə 83,1 yaşdan 89,1 yaşa çatacaq. Bu şəraitdə Birlik daxilində pensiya yaşına çatanların payı ümumi əhalinin tərkibində artacaq, 65 yaş və ondan yuxarı şəxslərin hər birinə indiki 4 nəfər əvəzinə 2060-cı ildə cəmi 2 nəfər işləyən düşəcək. Bütövlükdə qeyd olunan dövrə AB -nin əmək qabiliyyətli əhalisi(20-60 yaşlı) indiki 61 faizdən 51 faizə, say baxımından isə 211 milyon nəfərdən 202 milyon nəfərə düşəcək. Yaşı 65-dən yuxarı olanlar indiki 18 faizdən 28 faizə qədər artacaqlar. Yaşı 80 və ondan yuxarı olanların Birlik əhalisinin tərkibindəki 5 faizlik payı isə 12 faizə yüksələcək. Bu, dövlət büdcələri üçün ciddi çətinliklər yaradacaq. Demoqrafların hesablamalarına görə, yaşlı əhalinin saxlanması xərclərinin ümumi Avropa büdcəsində payı 2060-cı ilə 1,5 faiz artacaq.

Yəni Avropada pensiya yaşını sırf demoqrafik problem üzündən artırırlar: Avropa ölkələrinin çoxu təbii artım səviyyəsinin kəskin azalması, əhalinin yaşlanması kimi problemlə üzləşməkdədir. Hətta son illərdə bir sıra Avropa ölkələrində təbii artım sıfırdır.

Bizdə pensiya yaşını niyə artırdıqlarına da heç düz-əməlli izahat vermədilər. Bir Hadı Rəcəblinin camaatın ömrünün uzanması ilə bağlı dediklərindən başqa...