“Məktəbəqədər təhsil acınacaqlı vəziyyətdə idi...”

-mektebeqeder-tehsil-acinacaqli-veziyyetde-idi
Oxunma sayı: 1551

Milli Məclisdə “Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

Qafqazinfo” xəbər verir ki, qanun layihəsi ətrafında çıxış edən millət vəkili Vahid Əhmədov bildirib ki, bu müəssisələrin özəlləşdirilməyə verilməsi düzgün deyil: “Onsuz da uşaq bağçaları ilə bağlı kifayət qədər problem var. Dünya təcrübəsində də bağçalar dövlətin himayəsindədir”.

Birinci vitse-spiker Ziyafət Əsgərov isə bildirib ki, qanun layihəsində məktəbəqədər təhsil müəssisəsi ilə bağça arasında hansı fərqlərin olduğu aydınlaşdırılmalıdır. Həmçinin məktəbəqədər təhsilin anlayışı verilməlidir.

Millət vəkili Tahir Kərimli qeyd edib ki, ölkədə məktəbəqədər təhsil acınacaqlı vəziyyətdə idi. Biz bu qanunu gözləyirdik. Onun qəbuluna ehtiyac var.

Deputat Qüdrət Həsənquliyev bildirib ki, qanunda xarici dillərin öyrədilməsi öz əksini tapmalıdır: “Bu məktəbəqədər təhsil müəssisələrindən başlamalıdır ki, bizim uşaqlar əcnəbi dilləri bilsinlər. Məncə, qanunda idman dərsləri də öz əksini tapmalıdır. Ancaq biz nə qədər danışsaq da, gözəl qanunlar yazsaq da, vəsait ayrılmasa məktəbəqədər təhsil müəssisələri tikilməsə çətin olacaq. Bu sahədə çalışan sahibkarlara ciddi güzəştlər verilməlidir. Bu müəssisələrə ciddi vergi güzəştləri verilməlidir. Dövlət çalışmalıdır ki, göydələn tikən sahibkarlar bu zaman kompleksdə məktəbəqədər təhsil müəssisələrinin olmasına xüsusi diqqət yetirsin”.