Masallıda 400 kq yararsız ət aşkarlandı - Fotolar

masallida-400-kq-yararsiz-et-askarlandi
Oxunma sayı: 1086

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan tədbirləri davam etdirir.

"Qarfqazinfo" xəbər verir ki, 2016-cı il avqust ayının 23-də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Masallı Rayon
Baytarlıq İdarəsinin baytarlıq mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis
Şöbəsinin əməkdaşları məlumat əsasında birgə reyd keçirilib. 

Reyd zamanı Masallı rayon Səmədxanlı kənd sakini Rəşad Səmədovun idarə etdiyi
44BR280 dövlət nömrə nişanlı avtomobil saxlanılıb. Avtomobilin arxa oturacağında və yük
yeridə 400 kq-a yaxın üst-üstə tökülmüş, antisanitar vəziyyətdə daşınan, üfunətli iyi verən
heyvan cəmdəyi aşkar edilib.

Araşdırma zamanı ətin mənşəyinin məlum olmadığı, baytarlıq-sanitariya nəzarətindən
keçmədiyi müəyyən edilib. Masallı rayonu Səmədxanlı kənd sakini Rəşad Səmədov
heyvanların ona məxsus olduğunu və satmaq üçün Bakı şəhərinə aparmaq istədiyini
bildirib. 

Aşkarlanmış heyvan cəmdəklərindən müayinə üçün nümunələr götürülərək baytarlıq
laboratoriyasına göndərilib.

Laboratoriyada aparılan müayinələrin nəticəsinə əsasən cəmdəklərin bakterioloji
çirklənməyə məruz qalması, keyfiyyətsiz olması və baytarlıq-sanitariya tələblərinə cavab
verməməsi nəzərə alınaraq onların zərərsizləşdirilməsinə qərar verilib.

Qərara uyğun olaraq Masallı rayonu Səmədxanlı kənd sakini Rəşad Səmədovun idarə
etdiyi 44BR280 dövlət nömrə nişanlı avtomobildə aşkarlanmış heyvan cəmdəkləri baytarlıq
mütəxəssislərinin nəzarəti altında Masallı rayonu ərazisində olan məişət tullantıları
poliqonunda aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə
uyğun zərərsizləşdirilərək basdırılıb. 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan
sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək, belə qanuna
zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi
şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcəkdir.