Komitə yeni sistemin təqdimatını etdi

komite-yeni-sistemin-teqdimatini-etdi
Oxunma sayı: 1687

Əmlak Məsələləri Dövlət Komitəsi Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması işinə artıq başlayıb və hazırda bu iş uğurla davam etdirilir.

Komitədən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, sistemin yaradılması istiqamətində görülən işlərlə bağlı 27 yanvar 2016-cı il tarixində İctimai Təqdimat keçirilib. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev təqdimat çərçivəsində Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması Layihəsi, bununla bağlı yerlərdə aparılan çöl-ölçmə işləri barədə məlumat verib və slaydlar nümayiş etdirib. Torpaqların texniki, kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi, qiymətləndirilməsi, faktiki və sənəd uyğunsuzluqların aradan qaldırılması və bu Sistemin ölkə iqtisadiyyatına, eləcə də kənd təsərrüfatına səmərəsi barədə ictimaiyyətə məlumat verilib.

Xidmət rəisi qeyd edib ki, respublikanın 4 milyon hektar ərazisini əhatə edən ortofotomaterialların rəqəmsallaşdırılması işi uğurla davam etdirilir və yaxın bir ay ərzində bu iş yekunlaşacaq. Torpaqların elektron kadastr uçotu sisteminin yaradılması məqsədilə, böyük əraziləri özündə cəmləşdirən sahələrdə torpaq tədqiqatı, örüş və biçənək sahələrinin tədqiqi işləri aparılır.

Torpaq uçotu işləri yekunlaşmış Bakı, Sumqayıt, Gəncə şəhərlərinin bələdiyyə xəritələrinin tərtibi işinə başlanılıb. Hazırda Şəki rayonunda icra olunan kadastr layihəsi 2016-cı ilin birinci yarımilliyində yekunlaşacaq və bu ərazilər üçün də mükəmməl kadastr işi hazır olacaq. Ölkənin 53 rayon mərkəzinin ərazilərinin də torpaq uçotu işinə başlanılıb.

Uçot Sisteminin proqram təminatının yaradılması işinə ötən il başlanılıb və bu işin cari ildə yekunlaşdırılması nəzərdə tutulub.