Komitə ictimai təqdimat keçirdi

komite-ictimai-teqdimat-kecirdi
Oxunma sayı: 651

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Torpaqların kəmiyyət və keyfiyyət uçotu, aqroiqlim, relyef göstəricilərindən istifadə etməklə coğrafi informasiya sistemləri (CİS) əsasında elmi əsaslarla idarə edilməsi”nə həsr olunmuş təqdimat keçirilib.

Komitənin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Komitənin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev təqdimatda bildirib ki, dövlət başçısının tapşırıqlarına əsasən torpaqların faktiki istifadə vəziyyətini əks etdirən kadastr göstəriciləri ilə sənəd göstəriciləri arasındakı uyğunsuzluqlar aradan qaldırılır. Torpaq ehtiyatlarından daha səmərəli istifadəni təmin etmək məqsədi ilə mühüm tədbirlər həyata keçirilir.

Tədbirdə qeyd olunub ki, torpaqların öyrənilməsi, kəmiyyət və keyfiyyət uçotunun aparılması və torpaq ehtiyatlarının düzgün idarə edilməsi işi kompleks yanaşma tələb edir.

Xidmət rəisi tədbirdə nəzərə çatdırıb ki, əldə edilmiş kadastr məlumatları əsasında Şəki rayonunun timsalında CİS-in tətbiqi ilə torpaq ehtiyatlarından səmərəli istifadə edilməsinə dair təkliflər hazırlanıb. Bu zaman torpaqların kəmiyyət və keyfiyyət uçotu məlumatları, aqroiqlim, landşaft göstəricilərinə istinad olunub.

Torpaqların elektron uçotu işləri nəticəsində Şəki rayonunun ərazisi ilə bağlı bir çox xəritələr tərtib olunub. Belə ki, ərazinin meyllik xəritəsi (3D formatında), dəniz səviyyəsindən mütləq yüksəkliyə görə rayon ərazisinin bölgü xəritəsi hazırlanıb. Bitkilərin məhsuldarlığında mühüm rol oynayan 10 dərəcədən yüksək fəal temperaturların cəmi xəritəsi və həmçinin rayonun ərazisinin yağıntıların miqdarına görə bölgüsünü əks etdirən xəritə də tərtib edilib.

Tədbirdə qeyd olunub ki, əldə edilmiş nəticələr əsasında Şəki rayonunda ayrı-ayrı bitkilərin hansı sahələrdə ekoloji-iqtisadi baxımdan daha əhəmiyyətli olmasını görmək olar. Diqqətə çatdırılıb ki, rayonlar üzrə torpaq uçotu işləri yekunlaşdıqca bu işlərin həmin rayonlarda da aparılması nəzərdə tutulur.