Kişilərin və içkinin cəmindən alınan nəticə...

kisilerin-ve-ickinin-ceminden-alinan-netice
Oxunma sayı: 3116

Nərmin Dadaşova

Hamımızın uşaqlıq yaddaşında kənd-kəsəklə bağlı yaxşı xatirələr var, yəqin. Mən də ki, tutmuşam xatirələrin ətəyindən, gözlərimi möhkəmcə yumub kəpənək kimi güllərin üstü ilə uçuram o baş bu başa. Hərdən bir gözlərimi açıb reallığıma qayıdıram, həmən də başımdan möhkəm zərbə alıram, gözlərimdən sarı-qızılı ulduzlar çıxır. Sonra bir-iki gün ağrıyıram. Kəsdimi başımın ağrısı, yenə başlayıram barmaqlarımın ucunda gəzməyə. Mücərrəd varlıqlara tapınıb xoşbəxt olan adam gördünüzmü heç? Olmur vallah, sevgidi, sevincdi, nifrətdi... əllə toxunub gözlə görə bilmədiyin heç nə adamı xoşbəxt eləmir. Xatirələr də həmçinin. Həmişə ürəyin sıxılır, həmişə başını qoyub zırıldamağa, qan-qusmağa adam axtarırsan. Amma bir dilim tort, bir parça şokolad, bir stəkan su, stol-stul - nə qədər işimizə yarayır görün. Yeyib içib otururuq.

Sözün birini qoyub, o birinə keçmək xasiyyətim də olmaya. Kənd-kəsək deyirdim axı. Rayon, şəhər uşaqlarının ən çox əyləndiyi yer. Torpaqla təmas, yalın ayaq, çirkli paltar, azadlıq və s. kənd qatığı, kənd südü, kənd toyuğu, kənd qızı, kənd toyu, kəndli saflığı... Mənim yaddaşımda ayda bir neçə dəfə getdiyimiz babam evindən elə gözəl səhnələr qalıb ki. Yazmaq istəsəm də yaza bilmərəm. Bəs uşaqlarımın yaddaşında nə var, uşaqlarımın uşaqlığında bağçadan, kinderdən çıxan oyuncaqlardan, “özün rənglə”dəftərlərindən, rəngli qələmlərdən, savayı nə var- heç nə!

Həftə sonu yenə mənim kəpənək kimi güllərin üstündə o baş-bu başa süzən, tərki-dünya vaxtıma tuş gəldi. Qızlarımı götürüb yollandım Cəlilabadın ən sonuncu kəndinə. Mən ilk dəfə, beş il bundan qabaq bu kəndə gedəndə çox təəccüblənmişdim. Evlərin arasında qalalar, qapılarda qıfıllar yox idi. Hamı-hamı ilə qohum, hamı-hamı ilə dost, hamı-hamı ilə mehriban idi. O uşaqlıq xatirələrimizdəki kimi. Qonşular bir-birinə isti təndir çörəyi gətirirdilər. Beş ildə hər gedişimdə bir az başqa gördüm bu kəndi. Sonuncu isə əsl zərbə idi! Palçıqdan bezmiş, təndirdə çörək bişirməkdən yorulmuş, ümidsiz, həvəssiz, ən pisi də məktəbsiz gördüm onları. Bir-biri ilə dost, qonşu, sirdaş yox, sadəcə qohum idilər. Yalnız qan bağlarının hesabına üz-üzə gəlirlər kimi görünürdülər kənardan. Hamı evinə çəkilmişdi.

Kənddə məskunlaşan 5-10 ailədən birinin evində toy idi. Əgər hər şey əvvəlki kimi olsaydı, biz hamımız əlimizdə xonçalarla orada olacaqdıq. İnsanların Marsa ayaq açdığı bir dövrdə burda gənclər evlənmək üçün qız qaçırmaq yöntəmini seçdiklərinə görə toy adət-ənənəsi də yaddan çıxmışdı.Sonuncu toyda da gördüm bunu, qadınlarsız toy etməyi seçmişdi məclisin səbəbkarı. Kişilərin və içkinin cəmindən alınan nəticə isə, təxmin etdiyiniz kimi oldu. Qonşunun biri o birinin kürəyinə bıçaq sapladı.

Uşaqları həyətdə ayaqyalın oynamağa qoymadım, palçıq idi, soyuq idi. Səhər tezdən oyanıb, özümüzlə apardığımız “şokolad yağı”nı “zavod” çörəyinin üstə yaxıb kor-peşman geri qayıtdıq.

P.S: Yol boyu qulaq asmaq məcburiyyətində olduğum qəmli meyxanalar kədərimin üstünə kədər gətirdi. Meyxanada deyildiyi kimi, "Nə biləydim ki, çiyinlərim qəm yükünü daşıyacaq..."