Kişi söyüşü söyən qadın

kisi-soyusu-soyen-qadin
Oxunma sayı: 7515

Xuraman Hüseynzadə

Əntiqənin katibə işlədiyi yerə bir ara anamla tez-tez getməli olduq. Nə vaxt getsəydik görərdik ki, ya telefonla danışır, ya da idarədə işləyən cavan oğlanlarla şit-şit zarafatlaşır. Növbə gözləyənlər də buna etiraz edəndə ağır sözlər deyirdi. Yazıqlar məcbur olub susurdular. İdarəyə işi düşənlər əyri ayaqlarını açıb çöldə qoyan bu yüngülxasiyyət qadının əlində girinc qalmışdı...

Növbə gözləyəcəyimi bildiyim üçün özümlə kitab götürürdüm.

Belə günün birində Əntiqə gəlib qarşımda dayandı. Əlimdəki kitabı alıb o üz, bu üzünə baxdı. “Bu, nə kitabıdı belə?”-soruşdu. “Fransız yazıçının kitabıdı”-dedim. Kitabı məndən istədi. Düşündüm ki, gerisini gedib PDF-dən oxuyaram. Təki, əntiqələr oxusun. Verdim kitabı. Əyri ayaqlarını daşımağa məcbur olan incə kabluku taqqıldaya-taqqıldaya onu uzaqlaşdırdı. Növbə gözləyənlər ikrahla arxadan Əntiqənin əyri ayaqlarına baxırdı. Rombun bir-birinə paralel qarşı tərəfləri yeriyirdi sanki...

Aradan xeyli keçmiş anamla yenə getdim həmin idarəyə. Darvazanın ağzına xeyli adam yığışmışdı. Səs-küy aləmi bürümüşdü. Biz hadisə yerinə çatanda dava pik nöqtədəydi: kişi söyüşü söyən Əntiqəni bir kişi döymək istəyirdi. Söyüşü eşidən kimi anamın qolundan tutub kənara çəkildim. Evə getmək istədik. Amma vacib bir sənədə qol çəkdirmək vaxtımızın yaxınlaşdığını xatırlayıb bir az kənarda gözləməli olduq. Dəhşətli mənzərəydi. Qadını kişinin əlindən güclə aldılar. Rəngi ağappaq olmuş kişinin qoluna girib gətirdilər darvazanın çölündəki ağacın altına. Su içirtdilər ona. Yaşı 50-55 olardı. Abırlı adama oxşayırdı. Dodaqları, əlləri əsə-əsə deyirdi: “Görmürsüz bu əxlaqsızı? Qadın da kişi söyüşü söyər? Bu əxlaqda, bu sifətdə qadın olar? Bunu hansı biqeyrət buraxıb evindən çölə? Mənim ailəmə, nəslimə söyür... ”

Ən vacib iş də olsa bu əsəbdən sonra orda qala bilməzdik. Getdik evə.

Bir neçə gündən sonra yenidən yollandıq idarəyə. Əntiqənin sağ gözünün altı gömgöy idi. Üstündən tonal krem çəksə də bilinirdi. Növbəm çatdı. Sənədə qol çəkdirəndə stolunun üstündə məndən aldığı kitabı gördüm. Başı yazmağa qarışmışdı. Kitabı açıb baxdım. Arasında əlfəcin ola-ola 1-ci səhifənin quyruğunu qatlamışdı. Hələ ilk səhifədəydi.

Oxumamışdı.

Oxumayacaqdı da...