Kimsən sən, Kamil Zeynallı?!

kimsen-sen-kamil-zeynalli
Oxunma sayı: 36706

Raminə Eyvazqızı

Uşaq doğulanda ata-ana həvəslə övladı üçün ad fikirləşir, elə bir ad olsun ki, böyüyəndə həm uşaq utanmasın, həm də ad onu bir az da ifadə etsin. Bəli, ifadə etsin. Ətrafımızda adına layiq olmayan yüzlərlə insan var. Hərdən “heç adından utanmırsan?” deyib tənələr də yağdırırlar, amma çifayda…

Zəhrimara qalmış TV ekranı elə nalayiq insanları böyüdüb gözümüzə soxur ki, əməlindən asılı olmayaraq adam məşhurlaşır. Bu gün qulağımızı “mazol” edən söyüşlərin tək səbəbkarı həmin TV-lərdir. Kamil Zeynallı da musiqi verilişlərində nişanlısının arxasınca studiyaya gələn oğlanlardan biri idi. Gülay xanımı tanıyanlar ərini də “Gülayın həyat yoldaşı” kimi məşhurlaşdırmağa başladılar. Kamil Zeynallının ulduzu ekrandan boylandığı andan parlamağa başladı. Getdikcə çəkisi, radiusu böyüdü. Verilişlərə idman “eksperti” kimi dəvətlər aldı, maraqlı fikirdən çox tamaşaçı üçün lağlağı sözlər deyib xal qazandı. Bir gün eşitdik ki, Kamil bəy öz idman mərkəzini açıb, hətta bəzi quşbeyin qızlar (ətrafda fəxrlə ora gedənləri görəndən sonra bu fikirdəyəm) da “ustad”ının yanına dərs almağa gedir.

Sosial şəbəkədə qarşı cinsin dilindən dəfələrlə bənzər statuslar paylaşılıb: “Bədənini azca şişirdən fitnes müəlliminə çevrilir”. Bəli, bu reallıqdır. Oğullar var ki, sağlam həyat tərzi, bədən tərbiyəsi adı altında özünə müştəri yığır, hətta internet səhifəsində “ağıllı” məsləhətlər verir. Vəziyyəti qurcalayanda məlum olur ki, bu adamın ən sadə “kütlə bədən indeksi” adlı məsələdən xəbəri yoxdur.

Bu gün Kamil Zeynallı təyyarədəki “xüsusi paket”i nəfəs verib şişirməyi qabiliyyət sanır, ictimai yerdəki davranışı ilə ətrafa natiqlik edir. Tərbiyə, səviyyə haqqında dolanbac cümlələr qurub camaata od püskürür. Özünə o qədər haqq qazandırır ki, o boyda bədənin içində yerləşən beyinciyə adamın heyfi gəlir. Görünür, bədənin əzələlərini işlədənlərin beyni də istirahətə çıxır və ya tənbəlləşir. Dilə gələnin də beyindən süzüldüyünü nəzərə alsaq, Kamilin son hədə-qorxu videosuna azca haqq qazandırmaq olar. Qadınları söyməklə öyüyən bu insan həmin “qurban”ların kişilərini səbirsizliklə gözləyir ki, ağzının payını versinlər.

Kamil bəy, qadınlar və onların kişi yaxınları bunu etmirlərsə deməli, sizi ciddiyə almırlar. Ciddi insanlar qadın söyməz! Çünki qadına söyüş söyən öz ailəsindəki qadınları ayaq altına almış olur, o, artıq cavabını alıb. Görəsən Kamil Zeynallı o göyçək ağzını açanda onun ətrafındakı şişman, cüssəlilər arasında heç kişi yox idimi, ona həyasını xatırlatsın! Görünür, qadınları söymək də bir vərdişdir!

Hörmətli cənab, bədənin tərbiyəsindən əvvəl beynin tərbiyəsinə ehtiyac var. Söz var adamı dağa qaldırır, söz var adamı yerə soxur! Kamil olmaq da yox, qalmaq üçün lap danışma yetər! Nə partladırsan, partlad heç olmazsa, bunun fəxrini camaata sırama!