Kərəm Həsənov 2017-ci ilin ilk vətəndaş qəbulunu keçirib

-kerem-hesenov-2017-ci-ilin-ilk-vetendas-qebulunu-kecirib
Oxunma sayı: 2121

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən 28 yanvar 2017-ci il tarixində Goranboy rayonunda regional vətəndaş qəbulu keçirilib. "Qafqazinfo"ya daxil olan məlumata görə, qəbulda Goranboy ilə yanaşı Bərdə və Yevlax rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.

İştirak edən vətəndaşlar komitə sədrinə dövlət əmlakını özəlləşdirmək, hərrac prosedurları, daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı müraciətlərini ünvanlayıblar. Bəzi vətəndaşlar hərraclar yolu ilə özəlləşdirilən müəssisə və obyektlərin, eləcə də qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi barədə müraciətlərini çatdırıblar. Komitə sədri hərrac prosedurları və üstünlüklərini qeyd edərək bildirib ki, vətəndaşlarımız keçirilən açıq və şəffaf hərraclar yolu ilə rahat şəkildə əmlaka yiyələnə bilir. Bundan ötrü komitənin elektron resursu olan özəlləşdirmə portalı üzərindən sifariş vermək yetərlidir. Hərracda qalib olan şəxs aldığı əmlak üzərində mülkiyyət hüquqlarını təsdiq edən çıxarışı da qısa zamanda əldə edə bilir. Komitə sədri bir neçə vətəndaşın onların istifadəsində və ya icarəsində olan əmlakı özəlləşdirmək barədə müraciətlərini nəzərdən keçirərək müvafiq məsələlərin həlli ilə bağlı tapsırıq verib. Eləcə də, özəlləşdirmə prosesində zəruri hüquqi mərhələlər və sənədlərin alınması məsələləri də vətəndaşlara izah olunub.

Komitə sədri qəbulda diqqətə çatdırıb ki, indiyədək keçirilən 15-dək özəlləşdimə hərraclarında 700-dən çox dövlət müəssisə və obyekti satışa çıxarılıb. Qeyd olunub ki, hərraclara olan maraq isə öz növbəsində hərracların rəqabətli keçməsini təmin edir. Özəlləşdirmə portalına indiyədək daxil olan istifadəçilərin sayının 400 mini ötməsi də hərraclara olan marağın əyanı göstəricisidir.

Qəbul zamanı bir neçə vətəndaş mənzillərin, pay torpaqlarının, fərdi yaşayış evlərinin, həyətyanı torpaq sahəsinin sənədləşdirilməsi, əmlakla bağlı digər qeydiyyat xidmətləri ilə bağlı müraciətlərini səsləndiriblər. Komitə sədri vətəndaşları dinləyərək bəzi müraciətlərin dərhal həlli üçün aidiyyəti qurum rəhbərlərinə tapşırıqlarını verib. Qəbulda iştirak edən rayon sakinlərinə komitənin sosial xidməti olan “Kütləvi çıxarış” kampaniyasından faydalanmaq və mobil ofis xidmətlərindən istifadə etmək imkanları barədə məlumat verilib. Bildirilib ki, vətəndaşların rahatlığı və operativ sənədləşdirmə məqsədilə qeydiyyat məsələləri “bir pəncərə” prinsipinin tətbiqi həll olunur. Bununla yanaşı, komitənin respublika üzrə hüquqi yardım xidmətləri, istifadəyə verilmiş elektron, onlayn və SMS xidmətlər ictimai maarifləndirmə və şəffaflığı daha da artırıb. “Əmlakın qeydiyyatı Kalkulyatoru”nun da əhalinin istifadəsinə verilməsi bu sahədə yenilik olmaqla əmlakın qeydiyyatı prosesini daha sadə və sürətli edib. Bu addım vətəndaşa sənədləşdirmə prosesində dövlət rüsumu və xidmət haqqını elektron qaydada, öncədən öyrənməyə imkan verir. Komitə sədri vurğulayıb ki, bütün bu tədbirlərin başlıca məqsədi vətəndaş məmnunluğunu daim təmin etmək və əhaliyə maksimum rahat və operativ xidmət göstərməkdir.

Komitə sədri tərəfindən qəbulda verilmiş tapşırıqlar nəticəsində bir sıra müraciətlər operativ həllini tapıb. Araşdırılması tələb olunan müraciətlər isə qeydiyyata alınıb. Qəbulda iştirak edən vətəndaşlar prosesdən və komitənin xidmətləri üzrə görülmüş tədbirlərdən razılıqlarını ifadə ediblər.