Kənddə milyonları necə qazanmaq olar?

kendde-milyonlari-nece-qazanmaq-olar
Oxunma sayı: 2559

Azər Qismət

Payız gəldi. Bir azdan quşlar da uçub gedəcək, yağışlar da yağacaq. Yay turizmi da başa çatdı. Ölkəyə on minlərlə turist gəldi, paytaxtın görməli yerlərini və tarixi abidələri ziyarət etdilər, suvenirlər apardılar. Amma turizmin bir növü var ki, ondan bu il çox az yararlandıq. Bu da kənd turizmidir. Onun inkişafı üçün isə dövlətlə yanaşı, kənd sakinlərinin də böyük dəstəyi olmalıdır.

Mən çox istəyirəm ki, bizdə kreativ bələdiyyə sədrləri olsun. Texnologiya dilinə yiyələnsinlər, dünyadakı yeniliklərdən xəbərdar olub işlərində tətbiq etsinlər, ölkələrin təcrübəsini yerli mühitlə uyğunlaşdırsınlar, belə turizm növünün inkişafı üçün əllərindən gələni etsinlər. Amma onlar yenə də passivlik nümayiş etdirdilər. Adi yenilikçi bələdiyyə sədri öz kəndinə külli miqdarda vəsait gətirər, kənd sakinlərinə pul qazandırar. Əlbəttə, burda söhbət dağı, meşəsi, bulaqları olan kəndlərdən gedir. Aran rayonlarının kəndlərinin reklamının çətinlik yaradacağı aydındır. Yayın istisində 40-42 dərəcə isti olan məkana kimsənin səfər etməsi inanılası deyil.

Kreativ bələdiyyə sədri təmsil etdiyi kəndə dair sosial şəbəkələrdə ayrıca səhifə aça bilər. Kəndinin dağ-meşəsinin fotolarını işıqlandırar, adamları öz kəndinə dəvət edər. Kənd turizminin əsas özəlliyi ondadır ki, adamlar oteldə qalmayıb adi evlərdə qalmağı daha üstün tuturlar. Dünyada belə adamlar çoxdur. Onlar quru otel divarları əhatəsində qalmaqdansa, kənd evini əsas tuturlar. Beləliklə, həmin kreativ bələdiyyə sədri öz həmkəndliləri ilə danışıb təklifini çatdırar: “Siz gündəlik qiymətə evinizi turistin ixtiyarına verə bilərsinizmi?”. İnanmıram ki, kimsə bundan imtina etsin. Özü də nəzərə alsaq ki, paytaxt sakinləri kəndlərdə qalmaq üçün hansı evin kirayə verilməsi barədə çox axtarışa düşür, onda kreativ bələdiyyə sədrinin kəndi barəsindəki səhifəsi kara gələcək. Səhifəyə baxıb zəng vuracaq, evi bron edəcək. Əgər bir gün 20 manata kirayə verilsə, kəndli 3 gün ərzində 60 manat qazanacaq. Bu çox yaxşı gəlirdir. Bir həftə qalanlar da tapılacaq.

Son illər Azərbaycanda turizmin inkişafı üçün geniş miqyaslı işlər görülüb. Bu sahənin daha da dirçəlişi və təşəkkülü məqsədilə ölkəmizdə otel şəbəkələri genişləndirilir, infrastruktur yenilənir. Lakin dünya gör-götür dünyası olduğu üçün başqa ölkələrin də təcrübəsinə nəzər salmaq yerinə düşər. Təkcə bir faktı qeyd edək ki, 1990-cı ildə təsis edilmiş Avropa Kənd Turizmi Federasiyası 27 ölkədən 35 peşəkar turizm təşkilatını birləşdirir. Kənd turizminin inkişafı üçün Fransa təcrübəsinə nəzər salaq. Orada da kənd bələdiyyələri böyük rol oynayır.

Alternativ turizmin bir forması olan kənd turizmini fransızlar 2 yerə bölür: aqroturizm və şərab turizmi. Fransada turizm gəlirlərinin 30%-i kənd turizminin payına düşür. Bu tip istirahətlər qısamüddətli olur. Fransa qanunvericiliyi bölgələrin sakinlərinə kənd turizmi ilə məşğul olmağa icazə verir. Bunun üçün kəndlinin turisti qarşılamaq və yerbəyer etmək üçün şəraiti olmalıdır. Müvafiq şəraiti olan kəndli əvvəlcə bələdiyyəyə müraciət edərək razılıq almalıdır. Yalnız icazə sənədini aldıqdan sonra turisti qəbul edə bilər. Əyləncə proqramları və işçi sayını kəndli özü müəyyən edir. Bu zaman turistlərin proqramına əsasən ferma və təsərrüfatları gəzmək daxildir.

Bəs, Fransada kənd turizminin inkişafında məqsəd nədir? Bu sualın iqtisadi cəhətdən əsaslandırılmış cavabını Tuluza Universitetinin əməkdaşı Sidu Mixtar Sonqo “Kənd turizmi və yoxsulluğun azaldılması” adlı dissertasiyasında verib. Doktorant qeyd edir ki, tətbiq edildiyi ölkədən asılı olmayaraq kənd turizminin inkişafı əyalətlərdə yaşayan əhalinin gəlirinin artmasına səbəb olur. Bu sahənin inkişafı nəticəsində kənd yerlərində çox sayda daimi və ya müvəqqəti iş yeri yaranır. 2013-cü ildə fransız kəndlilərinin gəlirlərinin 25%-i birbaşa aqroturizmlə bağlı olub.

Maraqlıdır ki, bu turizm növü təkcə kəndlilərin deyil, fransızların “yeni kəndli” adlandırdığı əhalinin də əlavə gəlir mənbəyidir. “Yeni kəndli” dedikdə təqaüdə çıxdıqdan sonra əyalətdə məskunlaşmış şəhər əhalisi nəzərdə tutulur.

Kənd turizminin digər növü isə şərab turizmidir. Şərab turizmi dedikdə turistlərin üzüm bağlarına, şərab istehsalı müəssisələrinə və anbarlara ekskursiyalarının təşkili və dequstasiyalar daxildir. Bu turizm böyük bazara çıxa bilməyən istehsalçılar üçün ciddi gəlir mənbəyidir. Statistika göstərir ki, dequstasiyadan sonra hər 10 turistdən 9-u şərab alır.

Kənd turizmi eyni zamanda turistin özünün də səfər xərclərini müəyyən qədər azaltmağa imkan verir. Belə ki, Fransa kəndlərinə gələn turistlər şəxsi istifadə və ya satış məqsədi ilə böyük həcmdə şərab və kənd təsərrüfatı məhsulları alıb aparırlar. Bu satışdan həm fermer, həm turist və nəticə etibarı ilə dövlət qazanır.

Kənd turizmi Almaniya və Fransada ümumi turizmdən əldə edilən gəlirin 30-40 faizini təşkil edir. Belə turizm növünün inkişafı Azərbaycan kəndlilərinə yaxşı pul qazandırar.