Kamil, bu sənə lazım idi?

kamil-bu-sene-lazim-idi
Oxunma sayı: 4678

Azər Qismət

Kamil Zeynallının təyyarədə zarafat etməsi məni elə də qıcıqlanıdırmadı. Çünki əksəriyyətimiz dostlarla bir yerdə olanda, kefimizin kök vaxtında belə zarafatlar etmişik. Yəni, cəmiyyətdə daşıdığımız statusdan asılı olmayaraq belə gülməcələrimiz olub. Bu da bir yaddaqalan hadisədir. Deyib-gülmüşük, amma heç kimə sataşmamışıq. Bizim gülməcələrimiz kiminsə həyatını pozmayıb. Kamil də eləcə, zarafat edir, hətta başını aşağı salıb alnına vurur. Etdiyinə kiçik peşmanlıq keçirir. Sadəcə, burada günah o kadrları internetdə yerləşdirəndədir. Gərək bunu etməyəydi.

Bəlkə də Kamil jurnalist xanımın telefonuna o cür təhqirlər yazmasaydı, bu məsələ unudulub gedəcəkdi. Heç əksər adamlar bilmirdi ki, söhbət kimdən gedir. Sadəcə, Kamil məsələni qəlizləşdirdi. Indi bilmirəm, belə sms yazmaq onun həyatında depressiyalı anına düşüb, ya kimsə kənardan qızışdırıb, hər halda bu iş böyüdü. Əlbəttə, qadına qarşı təhqirə yol verməklə cəmiyyətdə qınaq yerinə çevrildi, Allah şeytana lənət etsin. Yeri gəlmişkən, Kamilə kişi kimi hörməti olanlardan biri də mən olmuşam. Bu insan özünü ləyaqətli aparıb, yumor hissi var, dostluqda-qardaşlıqda yaxşı oğlandır, aparıcılıq etdiyi veriliş çox peşəkarlıqla hazırlanır. Hətta bu məsələdən sonra onun klubu ilə də maraqlandım. Dedilər ki, Kamil ora gələn qız-qadına qarşı güldən ağır yersiz hərəkət etmir. Sadəcə, son 2 ildə əsəbiliyi artıb. Biri dedi pulu çoxalıb, biri dedi sinirləri yerində deyil. Hər halda nə baş verdiyini özü hamıdan yaxşı bilir.

Amma qadına o cür sms-dən sonra təəccübləndim. Düşündüm yəqin onun adından kimsə saxta profil açıb. Çünki belə söyüşləri ancaq saxta profildən edərlər. Sonra dərinə gedəndə pis oldum. Bu, mən tanıdığm Kamil imiş. Doğrusu, yaxınlar bilir ki, küyə gedən olmamışam, həmişə işin dərinliyini düşünmüşəm, insanın yaxşı cəhətlərini də vurğulamışam. Çox yanıldım. Və bu yazını yazıb böyük qardaş kimi tövsiyyə vermək istədim.
Kamil, qardaşım, bəlkə də həyatında nəsə baş verir. Bəlkə doğrudan da sinirlərin pozulub. İnan ki, bu həyatda elə özündən deyən oğlanlar olub ki...indi yoxdular. Sabirabadlı Hikmət kimi oğlanı bir gecənin içində killerin əli ilə aradan götürdülər. Halbuki, onun nəinki Azərbaycan və Rusiyada, eləcə də Avropanın qanuni oğruları arasında böyük hörməti var idi. Hələ bu günə qədər onun kim tərəfindən yox edilməsi, sifarişi kimin verməsi məlum deyil.
Rövşən Lənkəranski kimi hörməti olan insan qurulmuş plan əsasında məhv edildi. Mərhumun səhvi onda olmuşdu ki, özündə arxayınlıq yaranmışdı və mühafizəsiz gəzirdi. Bu dünyada ən güclü cangüdənləri olan neçə-neçə prezident sui-qəsd nəticəsində qətlə yetirilib. Əgər kiminsə məhvi qarşıya məqsəd kimi qoyulursa, ən azından ya məhv, ya şikəst edilir.

Sən nəinki qadını təhqir etdin, üstəlik onun nəslindəki kişiləri də söydün. Indi birdən birinin beyni dönəydi gəlib Bakıya sənin işə gəlmək və getmək trayektoriyanı öyrənəydi və həyatına təhlükə törədəcək addım ataydı. Yaxşı ki, hər şey sakitliklə qurtardı. Bax, birdən sənin həyatına təhdid yaradacaq faciəvi hadisə baş verəydi, nəticəsi nə olacaqdı. Axı, sənin də yaxınların və sevdiklərin var. Bir cavan ömrünü niyə təhlükəyə atırsan? O pulu sakitcə qazanıb yemək olmazmı? Sənə bu qalmaqal lazım idi? Özü də jurnalist çıxışında öz boyunu yerə soxduğunu deyib axı? Əgər desəydi ki, “filankəsin boyunu yerə soxum”, bəlkə də bu təhqirə görə hardasa əsəbləşmək olardı. Sən nəinki ona qarşı təhqirə yol verdin, hətta polis və məhkəmədən qorxmadığını bəyan etdin. Sən həm də Azərbaycan polisini heçə aldın. Sənə polis orqanına çağırılıb xəbərdarlıq edilməyin lazım idimi? Allah bilir, sonuncu dəfə orda nə vaxt olmusan. Qardaşım, bu ölkə Əfqanıstan və Suriya deyil, burada insanları təhqir etmək olmaz. Məhkəməyə verəydin qurtarıb gedəydi.

İndi KİV-ə verdiyin məlumata görə həyat davam edir. Bəli, həyat davam edir və bir tikə çörəyini qazan. Bu həyatda əziyyətlə qazanılan çörəyin şirinliyinə heç nə çatmaz.