Kafir qızı, Kafir!

kafir-qizi-kafir-
Oxunma sayı: 3900

Nərmin Dadaşova

Sonuncu yazıdan sonra beş-on gün ara verdim ki, bəlkə bir az sakitləşəsiz, hadisələrə bir də soyuq başla yanaşıb, əslində nə dediyimi və niyə dediyimi anlayasız. Amma bu gün baxdım ki, çifayda. Zaman və mövhumat sizin əleyhinizə işləyir, yurddaşlar. İndi də dini mövzuda karikatura çəkmiş iki istedadlı gənci almısınız əhatə dairənizə. Edam edirsiz, söyürsüz, lənətləyirsiz. Çox amansızsınız...

Nə isə, sözüm onda deyil, son günlərdə əhvalımı əməlli başlı “arabesk”ə bağladığımın fərqinə vardım bu səhər. Bu qədər dərdin - sərin içində, gözlərimi oxuduğum şeirdən dolan yerdə yaxaladım. Ovqatımın bu sentimental vaxtı, səhər metroda qulaq şahidi olduğum dialoqdan sonra, içimdəki naməlum kədəri üç-beş dəqiqə bir kənara qoyub bu yazını yazmaq qərarına gəldim. Söhbət edən iki xanımdan biri, o birinə yağışlı havalardan, soyuqdan şikayətlənirdi. Birdən yaşlı bir qadın səkkizinci oktavadan qışqırmağa başladı, qızları Tanrının işinə qarışmaqda suçlayıb xeyli əsəbiləşdi. “Kafir qızı, kafir! Sən nəmənəsən ki, Allahın göndərdiyi yağışa ağzını əyirsən?” dedi. Ağzı köpüklənirdi qadının əsəbdən, iyrənc görünürdü... Danışmağa həvəsim olsaydı, qadını bir kənara çəkib, sonuncu yağışdan sonra yaranan, hələ də qurumayan göllərin şəkillərini göstərəcəkdim. Deyəcəkdim ki, yağış sularının axıdılması üçün kanalizasiya xətləri şəhərimizin cəmi 10 faiz hissəsində var. O 10 faiz də, suyu çəkmək əvəzinə bir-iki qurtum su udan kimi dolub daşır, insanların evlərinə, maşınlarına, ayaqqabılarına dolur. İslanmış ayaqlar, rütubət qoxan ev, kimə xoşdur ki, heç kimə...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbər verdi ki, sabahdan başımızın üstünü yenə qara buludlar alacaq. Deməli, qarşıdakı 3-4 gün ərzində yenə bizi iflic olmuş nəqliyyat, meşşan həyat tərzi gözləyir. Və adamı yandıran da odur ki, həm günahkar, həm haqlı olan tərəf qarşı tərəfdi - aidiyyatı qurumlar. Sonuncu yağışdan sonra “Azərsu” ASC- nin mətbuat xidməti möhtəşəm açıqlama vermişdi məsələn. Demişdi ki, günah süpürgəçilərdədi. Yarpaqları süpürüb yağış barmaqlıqlarını doldururlar. Uzun saçları ilə evdəki kanalizasiya sistemini məhv edən qızlar misalı...

P.S: Qarşıdan qış ayları gəlir. Pəncərədən ağappaq gözəlliyə tamaşa edib şeir, roman oxumaq, tərkidünya olmaq, xoşbəxt olmaq varkən, daşmış kanalizasiya, narahat yollar və ən əsası yıxılıb şikəst olmamaq haqda düşünmək sizcə də kədərli deyilmi?