İzmitdə Xocalı soyqırımı qurbanları yad edilib - Fotolar

izmitde-xocali-soyqirimi-qurbanlari-yad-edilib
Oxunma sayı: 1317

Türkiyənin İzmit Bələdiyyəsi və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə İzmit Bələdiyyəsinin sədr müavini İbrahim Bulut, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri, Kocaeli Heydər Əliyev Kültür Evinin rəhbəri Bilal Dündar, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məlahət İbrahimqızı, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Bakının Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, yazıçı Sabir Rüstəmxanlı, yerli ictimaiyyətin nümayəndələri, burada təhsil alan azərbaycanlı tələbələr, Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərləri, yerli KİV təmsilçiləri iştirak edib.

TADEF sədri B.Dündar Xocalı abidəsinin ucaldılmasındakı xidmətlərinə görə İzmit Bələdiyyəsinin sədri Nevzat Doğana təşəkkür edib. O, ermənilərin özlərinin uydurduqları qondarma erməni soyqırımı yalanlarını bütün dünyaya yayaraq  Xocalı və digər faciələrdə azərbaycanlılar və türklərə qarşı insanlıqdan kənar cinayətlərini ört-basdır etdiklərini bildirib.  

Sonra M. İbrahimqızı "Xocalı şəhidləri" abidəsinin ucaldılmasında xidmətləri olan İzmit Bələdiyyəsinin sədrinə təşəkkürünü bildirib. O, Türkiyə və Azərbaycanın bütün maneələrə baxmayaraq, beynəlxalq platformlarda qondarma erməni soyqrımı yalanlarına qarşı birgə fəaliyyətin əhəmiyyətini qeyd edib.