İyunun adı dəyişdirilib Pirşağı olacaq

iyunun-adi-deyisdirilib-pirsagi-olacaq
Oxunma sayı: 4314

Azər Qismət

Alimlərin apardıqları araşdırmalardan bu nəticəyə gəlinib ki, 100 il bundan əvvəlki gənc ilə indiki gənc arasında fərq böyükdür. O illərin 20 yaşlı gəncinin düşündüyünü, indi 40 yaşlı insan düşünür. Ağırlıq göz qarşısındadır. Hətta, deyilənə görə o vaxt ərə verilən 12 yaşlı qız indiki qızlar kimi gəlinciklə evcik-evcik oynamırmış, kifayət qədər həyatın giriş-çıxışını bilirmiş. 

Bu yaxınlarda məlum oldu ki, Azərbaycanın gənclər təşkilatlarından biri ayların adını dəyişməyi təklif edib. Təşkilat rəhbəri bu fikirdədir ki, bizdə aylar milliləşməlidir. Qlobal dünyada yaşadığımız bir zamanda irəli sürülən belə təklif məndə təəssüf doğurdu. Əgər ayların adları bir az məntiqli olsaydı, hardasa ürəyimizin partlamaması üçün bir az dərindən nəfəs alardıq.

Gənclər təşkilatından verilən təklif belədir: Yanvar ayı İlkin adlanmalıdır, Fevral isə Çilə. Burada həmin ayda baş verən tarixi hadisələri də götürüb Fevrala qoymaq olardı, yaxud məşhur şəxslərin adı da əbədiləşdirilə bilərdi, lakin yox: müəllif israrlıdır, Fevralın adı Çilə olsun. Aprel ayının Gilavar adlanmasını təklif edən təşkilat sədri ayrı-seçkiliyə yol verir. O, burada bakılı-rayonlu söhbəti edir. Çünki, apreldə Bakida gilavar olanda, Mərkəzi Aran rayonlarında isti olur, gilavar nə gəzir?!

Təklifə əsasən İyun ayı Pirşağı olsun. Bunu belə izah edir ki, iyunda Pirşağıda çimərlik mövsümü başlanır. Deməli, qalan yerlərdə çimərlik mövsümünə start verilmir, proses yalnız Pirşağıda başlanır. Novxanı, Buzovna və başqa çimərliklər o vaxt Pirşağıya həsəd aparır, yanıb tökülürlər. Novxanın qəmi-kədəri uzun sürmür. Onun xəbəri yoxdur ki, bir aydan sonra - İyulda bəxt onun da üzünə güləcək. Gənclər təşkilatın sədri iyulda onu da sevindirir, adını əbədiləşdirir, çiçəyini çırtladır. Məhz İyulda Novxanı şadlığından papağını göyə atır. Nəhayət ki, İyulda Novxanı çimərliyi açılır. Gözləmək olardı ki, Buzovnanın bəxti avqustda açılacaq. Ancaq yazıq Buzovna, onunku bu dünyada gətirmir ki, gətirmir. Neyləmək olar, taleyi belə imiş. Təşkilat sədri İyul ayından etibarən Bakıdan uzaqlaşır və konturları genişləndirir, Avqusta Nabran adını qoyur. Deməli, iyun və iyulda yox, məhz avqustda Nabrana getmək lazımdır. Yalnız avqustda Nabran mövsümünə start verilir.

Xatırladım ki, Üzeyir Hacıbəyov Şərqdə ilk milli operanı – “Leyli və Məcnun”u yazanda 23 yaşı vardı. Hələ o bununla kifayətlənməyib, daha yeni-yeni dünya səviyyəli əsərlər yazıb.
Teodor Qertsl gənc yaşlarında sionizm şüarını irəli sürüb və tezliklə Ümumdünya Sionist Təşkilatının banisinə çevrilib. O, siyasi sionizm ideologiyasının əsasını qoymuş, 21 yaşında yazdığı “Yəhudi məsələsi” kitabı bütün dünyada şöhrət qazanmışdı.

Mark Elliot Tsukerberq 24 yaşında Harvard Universietində təhsil alarkən Kris Hyuz və Dastin Moskovitslə Facebook sosial şəbəkəsi ideyasını ortaya qoyub. Bu şəbəkə tezliklə bütün dünyada şöhrət qazanıb, ölkə büdcəsinə milyon dollarlarla xeyir gətirib. Nəticədə, bir oğlanın 24 yaşındakı ideyası həm ölkə büdcəsinin artmasına, həm də əks-kəşfiyyat siyasətinə yardım edib.

Azərbaycana qayıdaq. Ölkəmizdəki həmin Gənclər Təşkilatın sədri təklif edir ki, Sentyabr ayının adı dəyişdirilib Şanı olsun. Burda da bakılı-rayonlu söhbətinə yol verilir. Bakıda həmin ayda Şanı yetişirsə, Salyanda Ağadayı sortu yetişir. Bu yerdə salyanlıların etirazı ərşü-aləmə qalxa bilər. Ona görə burada nəsə neytral bir şey düşünülməlidir. Təklif edirəm ki, Sentyabr ayına Fransa üzüm sortunun adını qoyulsun: “Şardane”.

İndi həmin təşkilatın rəyasət heyəti durub etiraz edə bilər ki, istər Üzeyir Hacıbəyov, istər Mark Tsukerberq elə doğuluşdan Tanrı tərəfindən mükafatlandırılan adamlardır. Göylər onların mükafatını elə ana bətnində ərmağan edib və belə insanlar 100 ildən bir doğulurlar. Onda bəzi xarici dövlətlərdə fəaliyyət göstərən gənclər təşkilatlarının irəli sürdüyü ideyalara nəzər salaq. Məsələn, Yaponiyadakı gənclər təşkilatlarından biri hökumətə təkliflər paketini təqdim edib. Həmin paketdə qeyd olunur ki, Yaponiyada torpaq sahələri az olduğundan, yerin altında əkin sahələri yaratmaq lazımdır. Onlar əvvəlcə həmin paketi alimlərlə məsləhətləşiblər, onların rəyini alıblar. Məlum olub ki, yerin altında əkin sahələri yaradıb süni günəş effekti ilə oradan xeyli məhsul götürmək mümkündür.

Yaxud, Belçikadakı gənclər təşkilatı hökumətə təklif edib ki, binaların möhkəmliyi üçün Aydan qum gətirilib yerli sementə qatılsın. Belə qum və sement qarışığından tikilən binaları 12 ballıq zəlzələ də uçura bilməz. Hazırda hökumət bu istiqamətdə işlər aparır. Ay demişkən. Bizim gənclər təşkilatı təklif edir ki, Oktyabr ayının adı dəyişdirilib Güleyşə olsun. Güleyşə nar sortudur. Belə çıxır ki, ondan başqa Oktyabrda nar yetişmir. Məhz elə bu yerdə narın Bala Mürsəl və Qırmızı Vələs sortlarını ağlamaq tutur. Yazıqların, bəxti gətirmədi.