İşığa necə qənaət edək?

isiga-nece-qenaet-edek
Oxunma sayı: 9519

Azər Qismət

Gəlin, Tarif Şurasının qərarından sonra əlimizi əlimizin üstünə qoyub çar-naçar vəziyyətdə qalmayaq. Nə də ah-uf etməyək, konkret tədbirə keçək. Elə indi elektrik enerjisinə qənaət barədə düşünək.

Deməli, ay ərzində enerji sərfiyyatı 250 k/saat keçdikdə məbləğ artacaq. Qoy, belə olsun, biz isə öz tədbirimizi görək. Əvvəlcə mənzilin mərkəzinə gəlin və ətrafı diqqətlə gözdən keçirin. Sonra mətbəxə tərəf addımlayın. İşıq aparan əlavə qurğuları gördünüzmü? Gördünüz. İndi düşünün ki, bu qədər müasir modern avadanlıqlar sizi xeyli zərərə salır.

Müasir dövrdə hər evdə insanların rahatlığı üçün avadanlıqlar mövcuddur. Bəzən özümüzü onlarsız təsəvvür etmirik. Amma nəzərə alaq ki, vaxtilə onlarsız da yaşamışıq və günümüz heç də pis keçməyib. Siz mətbəxdə olarkən nələri görürsüz? Mikrodalğalı soba, elektrik çaydanı, elektrik samovarı, paltaryuyan və qabyuyan maşınlar, hətta qaz plitəsinin yuxarı hissəsində xörəyin buğunu aparan avadanlıq. Bəli, bunlar insanın rahatlığı üçündür. Lakin təəssüf ki, xeyli elektrik enerjisi sərf edən avadanlıqlardır.

Bax, elə indi onlardan birini söndürün: götürək xörəyin, suyun buğunu aparan avadanlığı. O, işığı çox aparır. Xörək bişirərkən mətbəxdə buğ yaranırsa, pəncərəni açın. Həm mətbəxin nəmişliyini götürərsiz, həm də elektrik enerjisinə qənaət edərsiz. Nəzərə alaq ki, qış fəslində otaqların havasını dəyişmək pis olmazdı.

Növbəti avadanlığa keçək: mikrodalğalı sobaya. İşdən, məktəbdən gəlib yeməyi qızdırırıq. Bu qızdırma zamanı da xeyli işıq hədər gedir. Bunun üçün qazı vam qaydada yandırmaqla xörəyi qızdırmaq mümkündür. Yeri gəlmişkən, bu məsələdə köhnə ailə ənənəsini yenidən bərpa etmək mümkündür: Hamı bir dəfə masa arxasında oturur, yeməyi yeyib qalxır. Daha kimin könlü nə vaxt istəsə onda yox. Belə ənənə şam yeməklərində daha effektiv üsul sayılır. Çünki o radələrdə hamı evə toplanır.

Paltaryuyan maşınlarla bağlı da əlac var. Əgər xarici filmlərə baxmısınızsa, bax orada xanımlar paltarları taslara toplayıb paltaryuma yerlərinə aparırlar. Bu, evdəki işıq sərfiyyatından ucuz başa gəlir. Bax bu yerdə paltaryuma məntəqələri açmaq yaxşı biznes sayılır və xeyli gəlir deməkdir. Bu yerdə yuyulmamış paltarları toplam halında yumaq daha məsləhətlidir.Yoxsa, hər mayka-tumandan ötəri maşını işə salmağı heç Bill Qeytsin imarətində də etmirlər.

Digər məsələ ütüdür. Ütü qədər elektrik enerjisi aparan məişət avadanlığı tapmaq çətindir. Bizim vaxtlarımızda kişi cinsinin nümayəndələri kostyuma üstünlük verərdilər. Bəzən həftə ərzində 3-4 dəfə ütüləmək lazm gəlirdi. Özü də şalvarda dəmiryolu xətti yaradanların hesabına fırlanmaqdan sayğacın başı gicəllənir. İndi isə vəziyyət başqadır. Qənaətə rejiminə keçdiyimiz bu mərhələdə cins paltarlar geyinin və dəbə uyğun qırışmış polverlər də pis qəbul edilməz. Qış vaxtı köynəyi ütüləməyə də ehtiyac yoxdur, çünki jaketin altında qalır. Əlbəttə, bu yerdə hər gün kostyum geyinməyə məcbur qalan bank və ofis işçilərini anlayıram, sadəcə oturub-duranda əyninizin qırışıb-qırışmamasına fikir verin.

Həyət evlərində qalanlar qaranlıqda çöl qapısında da işıq yandırırlar. İndi onların əksəriyyəti daha belə etməyəcək. Bütün gecəni işıq yandırmayın, montyor çağırın. Yalnız kimsə qapınızı döyəndə işığı yandırın ki, gözlükdən kimin gəldiyini görəsiniz. Həyətdəki işıqları isə süd lampaları ilə əvəz edin. Məsələn, iri ticarət müəssisələrində 7.60 qəpiyə aldığınız süd lampası ilə həyətinizi işıqlandırın. (Həmin lampalar paytaxtda 12 manata satılır). Belə lampalar qənaətcildir. Həmin lampalardan mənzildən taxmağa çox da üstünlük verməyin, çünki nisbətən göz qişalarına zərərlidir. Onu həyətdə, hamam və ayaqyolundan taxmaq daha məqsədəuyğundur. Amma uşaqların dərs oxuduğu, eləcə də qonaqları qəbul etdiyiniz otaqlarda taxmağınız yaxşı deyil. Süd lampalarının ömrü əksər hallarda 3 ildir.

Bundan başqa, elektrik enerjisinə qənaət üçün çilçıraqdakı lampaların sayını azaldın. Başa düşürəm, evinizin çıraqban olmağını çox istəyirsiz, lakin zəmanənin qayda-qanunları ilə addımlamağa məcburuq. Evdəki lampaları tez-tez silin, bu işıqlandırmanı daha yaxşı edir. Həyətin işıqlanması üçün torpağa sancılan işıqlardan alın: günortalar enerji toplayır, qaranlıqda işıq saçır. Burada unutduğunuz bir məsələ var: biz günəş batareyalarından da istifadə edə bilərik. (Əgər dünən və srağagün onun qiyməti qalxmayıbsa).

İnterneti isə kompüter vasitəsilə izləməyi unudun. Bu, xeyli elektrik enerjisi aparır. Ən yaxşısı telefondur. Batareya boşalarsa, adaptoru işə aparıb orada yükləyin. Nisbətən xərcinizi azaldarsız. Dama-dama göl olar.

“Mən evdə televizoru açıq qoyub işimi görürəm” deyənlər bundan sonra az-az gözə dəyəcək. Əlbəttə, tənha insanlar televizoru açıq qoyub işlərini görürlər ki, darıxmasınlar. Elə bəzi yaşlı insanlarda da bu adət var. Siz o romantik adətinizdən əl çəkməlisiniz. Romantik demişkən, bəziləri hətta gecə lampası yandırıb baxırlar ki, pərvanələr ətrafında necə dolanıb rəqs edirlər. Daha rəqs etməyəcək o pərvanələr. Qoymayın belə etsinlər. Televizoru isə ancaq baxandan-baxana yandırın. Vaxt keçirmək üçün qəzet və kitab mütaliəsinə keçin.

Hər gün evi tozsoranla təmizləyənlər isə bu işi nəmləndirici süpürgə ilə həll edə bilərlər. Yeri gəlmişklən, kiçik ölçülü və elektrik enerjisinə qənaət edən tozsoranlar da mövcuddur ki, divan və kresloların tozunu almağa əla yardımçıdır.

Soyuducu çox da elektrik enerjisi aparmasa da,ona da qənaət etmək mümkündür. Tarif Şurasının qərarı dekabrın 1-dən qüvvəyə mindiyindən, deməli əsas çətinlik qış fəslində gözümüzə görünəcək. Soyuducudakı bəzi ərzaqları (mümkündürsə hamısını) soyuq qış günlərində açıq havada saxlayın. Nəzərə alaq ki, çöldə saxlanan ərzaq soyuducunun hopduğu iydən daha yaxşıdır.

Bütün bu məsləhətlər 3-4 aylıq çətinliyi aradan qaldırmaq üçündür. Yayda isə qaza avtomatik qənaət olunacaq. Yalnız kondinsioner işıq aparacaq. Amma onların da qənaətlisi mövcuddur.