ISESCO-nun baş direktoru BANM-də

isesco-nun-bas-direktoru-banm-de
Oxunma sayı: 810

ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Bakı Ali Neft Məktəbinin (BANM) rəhbərliyi ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov qonağı salamlayaraq onu Ali Məktəbdə yenidən görməkdən məmnunluq hissi keçirdiyini bildirib.

Rektor tədris prosesinin ingilis dilində, müasir proqramlar və texnologiyalar əsasında və istehsalatla sıx əlaqədə həyata keçirildiyini xatırladıb. O, həmçinin qonağa BANM-in əməkdaşlıq etdiyi transmilli şirkətlər, yeni yaradılmış Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzi, Ömürboyu təhsil fakültəsi, Ali Məktəbin tikintisi başa çatan kampusu və gələcəkdə BANM-də həyata keçiriləcək magistr hazırlığı proqramları haqqında məlumat verib. Rektor Azərbaycanın birinci xanımı, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətindən söz açaraq, ISESCO-ya verdiyi dəstək barəsində, onun elm, mədəniyyət və təhsil sahələrinin, ölkənin ümumi inkişafı istiqamətində gördüyü işlər haqqında bəhs edib.

Bununla yanaşı, rektor ISESCO-ya üzv olan ölkələrin gənclərinin BANM-də təhsil almaları imkanlarından danışıb və bunun üçün ISESCO tərəfindən təqaüdün ayrılması təklifini irəli sürüb. Sonda rektor Əbdüləziz Osman əl-Tuveycrini ölkənin Prezidenti İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif edilməsi və yenidən ISESCO-nun baş direktoru seçilməsi münasibəti ilə təbrik edib.

Əbdüləziz Osman əl-Tuveycri ISESKO-ya üzv ölkələrdə neft-qaz və texnologiyalar üzrə ixtisaslaşmış bir sıra aparıcı ali təhsil müəssisələrinin mövcud olduğunu, lakin BANM-in çox müasir və səmərəli layihə hesab etdiyini bildirib. ISESCO-ya üzv olan ölkələrin istedadlı gənclərinin BANM-də təhsili üçün təqaüdlərin ayrılmasını təqdirəlayiq hesab etdiyini və bunun üçün lazımi dəstək göstərilməsinə hazır olduğunu bildirib.