İş axtaran həkimlərin nəzərinə

is-axtaran-hekimlerin-nezerine
Oxunma sayı: 2018

Daxili İşlər Nazirliyi Tibb İdarəsinin müalicə-profilaktika müəssisələrində vakant olan - 2 həkim-cərrah, 3 həkim-travmatoloq, 1 həkim-neyrocərrah, 1 üz-çənə cərrahı, 1 həkim-dermatoveneroloq, 1 həkim-allerqoloq, 2 həkim-narkoloq, 1 həkim-terapevt və 1 psixoloq, ümumilikdə 13 vəzifə üzrə xidmətə qəbulla bağlı müsabiqə elan edib.

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, müsabiqədə dövlət ali təhsil müəssisələrində müvafiq ixtisasla təhsil alaraq magistr (psixoloqlar üçün) pilləsini bitirmiş, tibb və təhsil müəssisələrində rezidentura keçmiş, ixtisas üzrə azı 5 il praktiki təcrübəyə malik, yaşı 35-dən yuxarı olmayan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqə qaliblərinə DİN-in kadrları tərkibinə daxil edilərək müvafiq xüsusi rütbə verilməklə ilkin olaraq 500 manat aylıq təminat xərcliyi, eləcə də göstərdiyi pullu xidmətə görə əlavə pul vəsaiti ödəniləcək, habelə qanunvericiliklə müəyyən olunmuş qaydada onların daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaq.