İlin ən qalmaqallı günü - Cahillik, yoxsa sevgi...

ilin-en-qalmaqalli-gunu
Oxunma sayı: 3453

Dünyada sevgililər günü kimi qeyd olunan 14 fevral tarixi Azərbaycanda hələ də birmənalı qəbul edilmir. “Qafqazinfo” xəbər verir ki, hər il mövzu gündəmə gəlsə də, Azərbaycan cəmiyyətində bu məsələdə yekdil fikir tam formalaşmayıb. Bəziləri sevdiyi şəxsi təbrik etmək üçün Valentin gününü seçsə də, bu günün əcnəbi bayram olduğunu deyərək boykot edənlər də az deyil. Onlar İlham və Fərizənin sevgisini üstün tutaraq ölkəmizdə 30 iyunun milli sevgililər günü kimi qeyd olunmasını təklif ediblər.

30 iyunun Sevgililər Günü kimi qeyd olunması təşəbbüsü “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya məxsusdur. 14 fevralın fəlsəfəsinin, daşıdığı məna yükünün kökümüzə heç bir bağlılığı olmadığını bildirən jurnalist 2003-cü ildə milli sevgililər günü təklifini irəli sürüb.

 “Qafqazinfo”ya açıqlamasında jurnalist bildirib ki, bu günü qeyd edənin əsli-astarı bizə aid deyil: “Artıq 14 fevral bayram günü kimi xalqın xatirindən yavaş-yavaş uzaqlaşır. Bunu sadəcə bəzi mətbuat orqanları, kanallar mövzu, şirkətlər isə bizneslərini inkişaf etdirmək xatirinə gündəmə gətirir. Amma bizdə sevgililər günü 30 iyundur. İnanıram ki, bunu xalqımız, gənclərimiz də belə bilir və qəbul edirlər. Sabahkı günün bizim milli-mənəvi dəyərlərimizlə heç bir bağlılığı yoxdur. Ona görə də, bu günü qeyd edən, gündəmə gətirənlərin əsli-astarı bizə aid deyil”.

Əvəz Zeynallı 14 fevralın hələ də bəzi şəxslər tərəfindən sevgililər günü kimi qeyd olunmasının arxasında sadəcə biznes maraqlarının durduğunu bildirib: “Gənclərimiz bəzən cahillikdən qeyd edə bilərlər, ancaq bunun arxasında duran bizə aid olmayan kənar güclərdir. Hər kəs öz biznesinin hayındadır və bu biznesin bizim milli dəyərlərimizlə heç bir bağlılığı yoxdur. Bunu hansısa dükançı bilməyə bilər, müğənni bilməyə bilər, ancaq bu millətin yazarı, yol göstərən adamı bilməlidir. Bəzi ölkələrdə, məsələn, İranda, Səudiyyə Ərəbistanda gül satmaq qadağan edilir. Amma bizdə belə bir qadağaya ehtiyac yoxdur. Bizim İlham və Fərizəmiz var və onların sevgisi bütün dünyaya örnək olunacaq bir sevgidir. Mən 14 fevralın qeyd olunmasına da qarşı çıxmıram. Xristian dininin nümayəndələrinin bayramıdır, qoy ölkəmizdəki xristianlar qeyd etsin”.

Millət vəkili Fazil Mustafa nə 14 fevralı, nə də ki 30 iyunu sevgililər günü kimi qeyd etdiyini vurğulayıb:

“Ümumiyyətlə, qadınlar günü, kişilər günü, müəllimlər günü, rabitəçilər günü və s. bu kimi bayramların hamısı mənasız şeylərdir. Sevgililər günü də bu qəbildən. Qadınlara hörmət etmək, nəsə bir hədiyyə vermək üçün hər hansı bir günü gözləmək lazım deyil. İnsan həyat yoldaşına, sevdiyi qadına ilin hər günü hörmət etməlidir, istədiyi zaman hədiyyə ala bilər. Ancaq əleyhinə çıxmaq da olmaz. İnsanların seçim azadlığı var və istədikləri günü qeyd edə bilərlər. Biri xəyallar günü uydursa və qeyd etsə, heç kim buna qarşı çıxa bilməz. Əgər bu, ümumi toplumun maraqlarına ziyan vurmursa, başqalarına mane olmursa, qoy eləsin”. 

Qeyd edək ki, 14 fevralın sevgililər günü kimi qeyd edilməsi Valentin adlı keşişin ölümü kimi müəmmalıdır. Belə ki, bəzi mənbələr Romalıların Valentinin ölümündən hələ 1500 il əvvəl də bu günü qeyd etdiklərini bildirir. "Tanrı" və "Tanrıçaları"nın kraliçası olan Junoya hörmət olaraq həmin gün bayram olaraq qeyd olunurdu. Bazar meydanına toplaşan romalı gənc qızlar adlarını kiçik kağız parçalarına yazaraq, bir çəlləyə atır, həmin kağızlardan birini seçən romalı gənclə birlikdə olurdular.

Bəzi mənbələrdə Valentinin də elə bu bayramı yenidən gündəmə gətirməsi səbəbindən, bəzi mənbələrdə isə sevgisinə görə öldürüldüyü qeyd olunur.

Günel Hacı